Bakı, 21 may, AZƏRTAC
Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinin mühacirlərin kvota sistemi ilə paylanması ideyasının əleyhinə çıxış etmələrindən hiddətlənib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Avropa İttifaqının baş icraçı orqanının vitse-prezidenti Frans Timmermans Avropa Parlamentinin iclasında deputatları təklif edilən tədbirlərin vacib və qaçılmaz olduğuna inandırmağa çalışıb. Kvota sistemi qaçqınların və mühacirlərin Aİ ölkələri arasında ümum daxili məhsul göstəricisinə və əhali sayına uyğun olaraq bölünməsini nəzərdə tutur.
Bir qədər əvvəl Böyük Britaniya, Fransa, İspaniya və Şərqi Avropanın demək olar ki, bütün ölkələri mühacir kvotalarının əleyhinə kəskin çıxış etmişdilər.
Eyni zamanda, Afrikadan Avropaya mühacir axını davam edir. Mayın 20-də Fransaya məxsus hərbi gəmi Aralıq dənizinin cənubunda 20 metrlik balıqçı qayığında üzən təxminən 300 nəfəri xilas edib.