BSU və Bilik Fondu 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirib

BSU və Bilik Fondu 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirib
13:43 17 Yanvar 2015
162 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

20 Yanvar şəhidlərinin xatirəsi unudulmazdır.

Bakı Slavyan Universiteti (BSU) və Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, yanvarın 16-sı BSU-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, universitetin təlim-tərbiyə şöbəsi və Magistrantlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xalqımızın azadlıq mücadiləsi tarixində şanlı səhifə açmış şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimi giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev 25 il öncə Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin dönüş nöqtəsinə çevrilmiş yanvar gecəsində yaşanılan dəhşətləri bir daha tədbir iştirakçılarına xatırladıb. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühim əhəmiyyət kəsb etdiyini deyən rektor Ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətinin məlumatlandırılmasını yüksək vətəndaşlıq mövqeyi, əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qanlı gecədə sovet qoşunlarının Bakıya daxil olaraq törətdiyi cinayətdən və bu faciənin dəhşətli nəticələrindən danışıb. O, həmçinin qeyd edib ki, Fond Bakıda, habelə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən orta təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirlərə təşkilatçılıq edir.

Mərasimdə Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas, BSU-nun dosenti Sadir Məmmədov və magistrant Rəna Məmmədova 20 Yanvar faciəsinə qədər Sovet hakimiyyətinin Azərbaycana qarşı məkrli siyasətini tarixi aspektdən dinləyicilərin diqqətinə çatdıraraq faciənin səbəbləri və faciə zamanı yaşanmış dəhşətli hadisələr haqqında ətraflı məlumat veriblər.

20 Yanvar hadisələrinə dair fotoşəkillərin və kitabların sərgiləndiyi tədbir faciəyə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR