İngiltərə millisi və "Everton"un qapıçısı Cordan Pikford ölkədə yığma üzvlərinə olan münasibətdən danışıb.
"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı qolkiper yerli medianın, veteran futbolçuların milli üzvlərinə qarşı olduqca qəddar olduqlarını bildirib.
Pikford hər kəsin oyunçuları tənqid etmək üçün fürsət axtardığını vurğulayıb: "Düşünürəm ki, mətbuat, keçmiş futbolçular, məsələn, Qari Nevill və digərləri İngiltərə millisinin üzvlərinə təzyiq göstərmək üçün fürsət gözləyirlər. Hamı onlardan yapışır. Bu, artıq yığmada çıxış edən futbolçunun həyat tərzinə çevrilib. Sən bununla yaşamağa məcbursan və yaşananları beynindən kənarda saxlamalısan. Çünki nəyisə dəyişə bilən yalnız sənsən".
Pikfordun sözlərinə görə, futbolçulara qarşı qərəzli münasibəti adi gözlə də görmək mümkündür: "Hamının bu və ya digər səbəbdən səndən zəhləsi gedir. Mən bunun öhdəsindən gəlməyə çalışıram və nəyə qadir olduğumu bilirəm. Amma bu, həqiqətən də adamı incidir. Bilirəm ki, milli komandada yaxşı çıxış edirəm. Gülməli vəziyyətdir. Yığmada olanda hər kəs səni tərifləyir. Kluba qayıtdıqdan sonra isə hamı səni ləkələməyə çalışır. Belə şeylərin mənə təsir etməsinə imkan vermirəm. Həqiqətdə isə vəziyyət məni əsəbiləşdirir".
Elnur Salahov