Tokio, 22 may, AZƏRTAC
Yaponiya Hökuməti yanında komitə İŞİD tərəfindən qətlə yetirilmiş iki yaponun xilası ilə bağlı göstərilmiş cəhdləri araşdıraraq bu qənaətə gəlib ki, hökumət bu məsələdə səhvə yol verməyib.
Həmin fikrin əks olunduğu hesabatı komitə mayın 21-də dərc edib. Hesabatda cari ilin əvvəlində Suriyada İŞİD silahlıları tərəfindən girov götürülərək qətlə yetirilmiş iki Yaponiya vətəndaşı ilə bağlı məqamlar öz əksini tapıb.
Hesabatın müəllifləri bildirirlər ki, əlaqədar nazirliklər və idarələr ötən il Yaponiyanın iki vətəndaşının itkin düşməsi məlum olduqdan sonra müvafiq qaydada informasiya mübadiləsi apararaq, fəaliyyətlərini əlaqələndiriblər.
Hesabatda, həmçinin qeyd edilir ki, Yaponiya Hökuməti İŞİD qruplaşması ilə birbaşa əlaqə qura bilməyib. Çünki bu terror təşkilatı dövlət orqanları ilə birbaşa əlaqə saxlamır və bu, vəziyyət barədə bütün məlumatların əldə olunmasında problemlər yaradıb.
Sənəddə bildirilir ki, Yaponiya Hökuməti girovları xilas etmək üçün imkanı daxilində olan bütün vasitələrdən istifadə edib və digər ölkələr, eyni zamanda, onların liderləri vasitəsilə terrorçularla əlaqə yaratmağa çalışıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio