“Taliban”ın 5 min tərəfdarı həbsdə qalacaq

“Taliban”ın 5 min tərəfdarı həbsdə qalacaq
15:37 1 Mart 2020
186 Dünya
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və "Taliban" liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar Doharda görüşüb. Onlar ABŞ ilə "Taliban" arasında sülh sazişinə imza atıblar. Şənbə günü baş tutan imzalanma mərasimi zamanı Xəlilzad və Baradar bir-birinin əlini sıxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "Reuters" agentliyinin bugünkü xəbərində isə deyilir ki, ortada olan müqaviləyə baxmayaraq, Əfqanıstan prezidenti Əşrəf Qani həbsdə olan 5 min "Taliban" döyüşçüsünü azadlığa buraxmaqdan imtina edib. Halbuki bağlanmış müqavilədə onların azad edilməsi nəzərdə tutulub.

Əfqanıstan prezidenti Kabil şəhərində keçirdiyi mətbuat konfransı zamanı bununla bağlı bəyanat verib: "Əfqanıstan hökuməti 5 min "Taliban" məhbusunu sərbəst buraxmaq öhdəliyini götürməyib".

Bu arada isə İran ABŞ-ın Əfqanıstanla bağlı saziş imzalaması üçün heç bir hüquqi əsası olmadığını söyləyib.

ABŞ-"Taliban" müqaviləsinə görə, martın 10-dək Əfqanıstan hökumətinin əsir götürülmüş minə qədər nümayəndəsi müqabilində 5 minə qədər həbsdə olan "Taliban" tərəfdarı sərbəst buraxılacaq.

Prezident deyib ki, "ABŞ bu məsələ ilə bağlı qərar vermək səlahiyyətində deyil, bu işdə yalnız köməklik edə bilər".

Agentlik xatırladır ki, tərəflər arasında müqavilə ABŞ dövlət katibi Maykl Pompeonun iştirakı ilə imzalanıb. Mərasimdən sonra Baradar Dohada Norveç, Türkiyə və Özbəkistan xarici işlər nazirləri, Rusiya, İndoneziya və qonşu xalqların diplomatları ilə görüşüb. Bu isə "Taliban"ın beynəlxalq səviyyədə legitimliyinin təminatı anlamına gəlir.

Bu arada isə ABŞ prezidenti Donald Tramp sözügedən müqavilə ilə bağlı tənqidləri rədd edib və yaxın gələcəkdə "Taliban" liderləri ilə görüşəcəyini bildirib.

Razılaşmaya əsasən, Vaşinqton 13 gün ərzində Əfqanıstandakı qoşunlarının sayını 13 min nəfərdən 8.600-ə endirməlidir. Hər şey müqaviləyə uyğun gedərsə, ABŞ və koalisiya qüvvələri 14 ay ərzində Əfqanıstandan çıxarılacaq.

"Reuters" bildirir ki, 2001-ci ildə hakimiyyətdən kənarlaşdırıldıqdan sonra "Taliban" ABŞ-a qarşı şiddətli müqavimət göstərib və bu, 18 ildir ki, davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR