Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropa ilə müharibəyə hazır olduğunu, lakin belə bir müharibə istəmədiyini bildirib. O, mümkün müharibədə qalibin olmayacağı barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, Putin bu fikirləri Rusiya-Afrika sammitinin yekunlarına dair mətbuat konfransında səsləndirib.

Rusiya lideri Avropada 2030-cu ilə qədər Rusiya ilə müharibəyə hazırlaşmaq barədə müzakirələrə münasibət bildirərək bunun düzgün yanaşma olmadığını deyib.

“Biz, ilk növbədə, hazırıq, amma Avropa ilə heç bir müharibə istəmirik. Əgər kimsə bunu istəyirsə, qoy hazırlaşsın”, – deyə Putin vurğulayıb.

O, Rusiyaya qarşı müharibə tərəfdarlarına müraciət edərək bildirib ki, hazırda ölkənin strateji məğlubiyyətinə nail olmaq mümkün olmayıb və bunun 2030-cu ilə qədər də reallaşacağı ehtimalı azdır.

Putin mümkün münaqişənin daha da genişlənəcəyi təqdirdə heç kimin qalib gəlməyəcəyini qeyd edib.

“Əgər vəziyyət həddindən artıq irəli gedərsə, ümumiyyətlə qalib olmayacaq. Heç kim bunu unutmasın”, – Rusiya Prezidenti əlavə edib.

Qeyd edək ki, Putin bu açıqlamasında Norveç və Finlandiya rəhbərləri ilə son söhbətinə də toxunub.