Deputat iş yerlərinin bağlanmasına etiraz etdi -

“Koronavirus dünya üçün böyük bir bəla olduğundan Azərbaycan bundan kənarda qalmayıb. Ancaq mən dövləti qapatmağın, ölü dövlətə çevirməyin tərəfdarı deyiləm. İnsanlar var ki, bir gün işləməsə, evinə çörək apara bilməz”

Metbuat.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, elə insanlar var ki, bir gün işləməsə, sabaha çörək alıb evinə gətirə bilməyəcək:

“Bir günlük, beş günlük müqavilələrlə işləyən insanlar var. Əgər biz bu iş yerlərinin hamısını bağlasaq, bu insanlar necə dolanacaqlar?! Dünən həmkarım Fazil Mustafa Bakıya giriş-çıxışın bağlanmasını təklif edib. Amma bu yolverilməızdir. Bölgələrdən Bakıya çoxlu məhsullar daxil olur. Bunları fikirləşmək lazımdır. Online sistemlə bu məsələni həll etmək mümkün deyil. Təbii ki insanları qorumaq lazımdır”.

Deputat eyni zamanda 2020-ci ilin iş planına Rəqabət Məcəlləsi və “Təhsil Kreditləri haqqında” qanunu da daxil edilməsini təklif edib: “Azərbaycanda hansısa məmurlar illərdir bu Məcəllənin qəbuluna mane olur. Bundan əlavə, “Təhsil kreditləri haqqında” qanunun qəbuluna ciddi ehtiyac var”. (ölkə.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR