Dünya koronavirusla necə mübarizə aparır? - TƏHLİL/FOTOLAR

Dünya koronavirusla necə mübarizə aparır? - TƏHLİL/FOTOLAR
15:18 2 Aprel 2020
227 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın koronavirus pandemiyasının yayılmasına qarşı atdığı addımlar dünya ölkələrinin təcrübəsi fonunda ən effektli tədbirlər hesab olunur. Hazırda dünyanın bütün ölkələri virusun qarşısını almaq üçün sərt yollara əl atırlar.

Publika.az
ölkələrin virusla mübarizədə seçdiyi yolları təqdim edir.

Virus Çinin Uhan şəhərində meydana gələndə sürətlə yayılmağa və ölümlərə səbəb oldu. Lakin fevral ayından başlayaraq, Çində yayılma sürəti azaldı. Buna səbəb Çinin atdığı addımlar oldu:

1. Uhan şəhəri tamamilə karantinə alındı;
2. İş yerləri, məktəblər, ibadətxanalar, ictimai nəqliyyat və s. bağlandı;
3. İdman yarışları təxirə salındı;
4. Uhan şəhərindəki stadionlar kütləvi karantin mərkəzlərinə çevrildi və mobil xəstəxanalar inşa olundu;
5. Hər kəsin yalnız ehtiyacı olduğu qidaları almaq üçün evdən çıxmasına icazə verildi;
6. Paytaxt Pekinə gələnlər bir müddət karantində saxlanıldı;
7. Hətta karantin rejimini pozanlar 3 ildən 7 ilə qədər həbs olundu;


Bu tədbirlər insanların gündəlik həyatına təsir etsə də, Çin bu tədbirlərin sayəsində yoluxma və ölüm sayını minimuma endirməyi bacardı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhanom bildirdi ki, Çindəki sərt tədbirlər virusun yayılmasına qarşı effektli yoldur.

“Bu pandemiyanın qarşısını almaq üçün dövlət mexanizminin tamamilə səfərbər edildiyi kollektiv, koordinasiya edilmiş genişmiqyaslı tədbirlər görmək lazımdır”, - ÜST-ün baş katibi qeyd edib.

Virusun Çindən sonra ən çox yayılmağa başladığı İranda cümə namazları ləğv edildi, məscidlər, məktəblər, iaşə obyektlərini bağlandı, Novruz şənlikləri qadağan olundu, hətta 10-a yaxın millət vəklinin virusa yoluxmasından sonra parlamentin də işi dayandırıldı.

Avropa ölkələri də virusla mübarizədə sərt addımlar atırlar. Yoluxma və ölüm faktlarının dəhşətli mənzərə yaratdığı İtaliya da Çinin təcrübəsindən istifadə etdi. Əvvəlcə 11 qəsəbəyə girişi qadağan etdi və bəzi festivallar təxirə salındı, ardınca 16 milyon insanın yaşadığı şimal bölgələrini karantinə aldı. İdman yarışları dayandırıldı və krantin rejimi bütün ölkədə tətbiq edilməyə başlanıldı: səfərlər dayandırıldı, mağazalar və apteklər istisna olmaqla, bütün iaşə və əyləncə obyektləri bağlandı, ictimai xidmət sektorunda olan iş yerləri – banklar, poçt xidməti, ictimai nəqliyyat – məhdudlaşdırılmış iş rejiminə keçdi.

Əhalinin zərurət olmadığı halda evdən çıxmasına icazə verilmir. Evdən çıxan insanlar mütləq polisə çıxma səbəbinin göstərildiyi yazılı sənəd təqdim etməlidir. Ehtiyac olmadığı halda evdən çıxanlar ciddi cəzalandırılır.

Fransada küçəyə çıxmaq qadağası tətbiq olunur. Bütün kütləvi tədbirlər ləğv edilib, məktəb və universitetlər bağlanıb. Fövqəladə sanitar vəziyyət elan olunan ölkədə aprelin 15-nə qədər küçəyə çıxmaq qadağan edilib. Buna əməl etməyən minlərlə insan böyük məbləğdə cərimə edilib.

İspaniya idman yarışları da daxil olmaqla, bütün kütləvi tədbirləri ləğv etdi. Hətta 150 min insanın qatılacağı və ciddi qazanc gətirəcək Malaqa Film Festivalı da təxirə salındı. Ölkədə küçəyə çıxmaq qadağası tətbiq olunur, zərurət olmadığı halda evdən çıxanlar sərt cəzalandırılır. Polis qüvvələri “küçəyə çıxma qadağasını” pozanlara qarşı sərt addımlar atır.

Eyni addımların atıldığı Almaniyada masakalar da daxil olmaqla, bütün tibbi ləvazimlatların ixracı dayandırıldı. İnsanların küçəyə çıxmasından tutmuş, cərimə və digər cəzaların verilməsinə qədər sərt addımlar atılır. 5 nəfərin bir araya gəlməsi qadağan edilib.

İngiltərədə polislər küçəyə çıxan insanları məcburi şəkildə evlərinə aparır, buna əməl edilməyənlər cərimələnirlər. Əvvəlcə ümumi karantin elan etmək istəməyən İngiltərə hökuməti virusun sürətlə yayılmasından sonra küçəyə çıxma qadağasını tətbiq etdi. Bu qadağanı pozanlara qarşı istədiyini edə bilməsi üçün polisə bütün səlahiyyətlər verilib. İki nəfərdən çox şəxs bir yerdə gəzə bilməz. Ölkədə əksəriyyət evdən işləmək sisteminə keçib. Yas mərasimləri istisna olmaqla bütün tədbirlər ləğv olunub. Qadağalar aprelin 15-nə kimi qüvvədədir.

Finlandiya, İsveç, Yunanıstan, Avstriya və digər ölkələr də fövqəladə vəziyyətə keçib.


Ən çox yoluxma halı qeydə alınan ABŞ da ən sərt addımlar atan ölkələrdəndir. Ölkənin böyük şəhərlərində küçəyə çıxmaq qadağan olunub, məktəblər, univeritetlər bağlanıb, yalnız zəruri obyektlər və supermarketlər işləyir. Qadağaları pozanların cəzalandırılması üçün polisə bütün səlahiyyət verilib. 10 nəfərdən çox insan bir yerə toplana bilməz.

Dünyanın dörd bir yanında eyni sərt addımlar atılır. Sərhədlər bağlanıb, uçuşlar dayandırılıb, bütün dünya karantin rejimindədir.

ÜST-ün açıqlamaları və dünya ölkələrinin təcrübəsi Azərbaycanın virusa qarşı ilk gündən ən doğru mübarizə metodunu seçdiyini təsdiqləyir.

Sərhədlər bağlandı, uçuşlar dayandırıldı, elektron vizalar ləğv edildi, məktəb və universitetlərdə tədris onlayn rejimə keçdi, kütləvi tədbirlər ləğv olundu, aprelin 20-dək xüsusi karantin rejimi tətbiq olundu. Buna paralel olaraq, müasir laboratoriyalar quruldu, karantin yerləri yaradıldı, keçirilən testlərin sayı çoxaldıldı və s. Hazırda respublikanın bütün bölgələrində küçələrdən tutmuş, evlərə qədər hər yerdə deinfeksiya işləri görülür. Məqsəd virusun ölkədə yayılmasını minimallaşdırmaq və bu bəladan az itki ilə çıxmaqdır.

ÜST də koronavirusla mübarizədə Azərbaycan Hökumətinin addımlarını dəstəkləyir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR