"Keşlə"nin kapitanı maaşlarının azaldılacağına inanmır

"Keşlə"nin kapitanı maaşlarının azaldılacağına inanmır
14:37 21 Aprel 2020
191 Digər
Ölkə mətbuatı
A- A+

"Demək olar ki, bütün günü evdəyəm. Həyətdə, bağda işləyirəm, arada atama köməklik edirəm". 
Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin kapitanı Slavik Alxasov deyib. 27 yaşlı cinah müdafiəçisi boş vaxtarında filmlərə baxdığını və mobil oyunlar oynadığını bildirib. 
Alxasov kitab oxumadığını da etiraf edib: "Hobbim bağda samovar çayı içmək, kabab çəkməkdir. Bundan gözəl heç nə ola bilməz" (gülür).
Müdafiəçi çempionatın ləğvi və belə olacağı təqdirdə, avrokuboklara vəsiqənin necə müəyyənləşdiriləcəyi barədə də fikirlərini bölüşüb: "Turnir cədləindəki mövqeyimizə baxanda, çempionatın ləğvi bizə sərf edir. Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Bu pillə illə vəsiqə qazana bilirik. Amma digər tərəfdən, istəməzdim ki, çempionat belə bitsin. Evdə çox darıxırıq, oynamaq istəyirik. Çempionat keçirilsə, yaxşı olar. Lakin əsas məsələ insanların sağlamlığıdır. Nə qərar verilərsə, hörmətlə yanaşacağıq". 
Bir müddət əvvəl "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov "Report"a müsahibəsində vaxtı çatanda maaşların azaldılma məsələsinin də müzakirə olunacağını açıqlayıb. Təcrübəli futbolçu isə buna inanmadığını bildirib: "Klub rəhbərliyi yəqin ki, bizimlə söhbət edəcək. Maaşlarımızı azaldacaqlarına inanmıram. Bu barədə klub daxilində danışmaq lazımdır. Çünki elə futbolçular var ki, bütün işlərini maaşa görə qururlar. Onlardan biri də mənəm. Amma klub nə qərar versə, onu qəbul edəcəyik".
Mövsümün sonunda "Keşlə" ilə müqaviləsi başa çatacaq Alxasov bildirib ki, yeni sözləşmə barədə danışıq olmayıb: "Bu virus olmasaydı, danışardıq. Amma hələ ki, yeni müqaviləyə dair söhbətimiz olmayıb". 
Qeyd edək ki, Slavik Alxasov 2016-cı ildən "Keşlə"də çıxış edir. Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasında 20 turdan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/slavik-alxasov-men-ve-digerleri-islerimizi-maasa-gore-qururuq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR