Azərbaycan və İspaniya XİN başçıları arasında telefon danışığı baş tutub

Mayın 20-də Xarici İşlər naziri Elmar Məmmədyarovun ispaniyalı həmkarı Arança Qonzalez Laya ilə telefon söhbəti olub.

Bu barədə Metbuat.az-a XİN-dən məlumat verilib.

Arança Qonzalez Laya mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində birgə səylərin və həmrəyliyin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Heydər Əliyev Mərkəzinin binasının üzərində İspaniya bayrağının işıqlandırılması ilə verdiyi həmrəylik ismarışına görə öz təşəkkürünü bildirib.

Nazir həmçinin qlobal sağlamlıq böhranına qarşı birgə mübarizəyə dəstək ifadə edən məktubuna görə Azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd ediblər. Ölkələrin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunmuş dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq BMT çərçivəsində əməkdaşlığını vurğulayıblar.

İki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamənin yaxın gələcəkdə imzalanması və bu xüsusda yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub. Tərəflər habelə ölkələr arasındakı müqavilə hüquq bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazirlər iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə mədəni əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlərini səsləndiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR