Bakı, 26 may, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildə Asiyada, Avropada və Sakit okean regionlarında Tokio, Sinqapur, Şanxay, London, Paris, Berlin, Münhen və Frankfurt kimi şəhərlərdə daşınmaz əmlaka investisiya etməyi planlaşdırır. ARDNF daşınmaz əmlak üzrə daha riskli investisiyalar etməyi nəzərdə tutub ki, özəl daşınmaz əmlak fondlarını buna aid etmək olar. Bu il Dövlət Neft Fondu Yaponiya bazarında daşınmaz əmlak investisiyası məsələsini araşdırır.
AZƏRTAC-ın sualına cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Dövlət Neft Fondunun daşınmaz əmlakla bağlı investisiyalarında məqsəd aşağı və ya orta riskli əmlaklara investisiya etməklə portfelin diversifikasiyasına nail olmaqdır. Baxmayaraq ki, son illərdə dünya bazarlarında, o cümlədən London, Paris, Münhen, Sürix və Frankfurt kimi şəhərlərdə daşınmaz əmlak üzrə gəlirlilik azalıb. Ancaq bir çox investorlar düşünürlər ki, daşınmaz əmlaka investisiya sabit gəlirli qiymətli kağızlarla müqayisədə daha mənfəətlidir.