Bakı, 26 may, Samirə Quliyeva, AZƏRTAC
Mayın 26-da “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Xaçmaz və Şabran filiallarının yeni ofis binaları açılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “FINCA Azerbaijan” müasir standartlara tam cavab verən Xaçmaz filialının yeni binası vasitəsilə üç min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərə biləcək. İki ilə yaxındır bu bölgədə fəaliyyət göstərən filialın müştərilərinin əksəriyyəti əsasən ticarət, təsərrüfat, heyvandarlıq ilə məşğul olan kiçik və orta sahibkarlardır. 3,3 milyon ABŞ dolları məbləğində kredit portfelinə malik olan Xaçmaz filialı müştərilərinə müxtəlif kredit məhsulları təklif etməklə onların həm şəxsi bizneslərinin inkişafına, həm də ailələrinin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına kömək göstərir.
Həmin gün “FINCA Azerbaijan”ın Şabran filialının da yeni binası istifadəyə verilib. Burada da müştərilərə ən yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə müasir standartlara cavab verən ofis şəraiti yaradılıb. Səkkiz ildir bu regionda fəaliyyət göstərən Şabran filialı 3 inzibati ərazi - Şabran, Xızı və Siyəzəndən olan beş mindən çox müştəriyə maliyyə xidmətləri göstərir. 6 milyon ABŞ dollarına yaxın kredit portfeli olan Şabran filialı əsasən kənd təsrrüfatı da daxil olmaqla, kiçik və orta sahibkarlara, fərdi şəxslərə bütün növ FİNCA kredit məhsulları təklif edir.
Qeyd edək ki, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ölkənin bütün regionlarını əhatə edən 67 filialda 150 min nəfərdən çox müştəriyə xidmət göstərir. Hazırda təşkilatın 185 milyon ABŞ dolları məbləğində kredit portfeli var.
