Bildiyiniz kimi Azərbaycan vətəndaşlarının xaricdən bağlama üsulu ilə gətirilən məhsullarda aylıq limit 1000 dollardır. Yəni aylıq 1000 dollar həcmində dünyanın istənilən e-ticarət mağazasından alış-veriş etsəniz Əlavə Dəyər Vergisi və İdxalat Vergisi ödəməyə ehtiyac yoxdur. Bu limit alıcılar üçün bir çox məhsulları ucuza alma imkanı yaradır. Amma son zamanlar 1000 dollarlıq limitin azaldılması ilə bağlı fikirlər yaranıb.
İqtisadçı ekspert Günay Hüseynova Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, bu limitin aşağı salınması kiçik bizneslə məşğul olan sahibkarlar üçün heç də xoş olmayacaq.
“Xaricdən mal gətirilən zaman qanunvericiliyə görə 1000 dollarlıq limit mövcuddur. Bu limitə görə vətəndaşlar 1000 dollardan artıq olmayan əşyaları şəxsi istifadələri üçün gətirə bilərlər. Covid-19 virusundan yetərincə sarsılan sahibkarlara birdə bu limit tətbiq olunarsa vəziyyət heç də ürək açan olmaz. Bu addımın əsas səbəbi odur ki,bəzi adamlar sırf bu malları ölkəyə şəxsi istifadə üçün deyil satmaq üçün gətirir. Bu isə bir növ vergidən yayınma hallarına səbəb olur.’’
İqtisadçı ekspert bildirdi ki, elektron ticarətə nəzarət həmçinin də gömrük yığımları ilə əlaqədar olan durumu təkmilləşdirmək üçün yeni dəyişikliklərə ehtiyac var.
‘’Qanunvericiliyə əsasən vətəndaşlar və ya iş sahibləri elektron ticarətlə məşğul olursa idxal etdikləri məhsul gömrük orqanlarına daxil olmamışdan öncə şəxslər bu barədə gömrük orqanlarına elektron müraciət ünvanlamalıdırlar. Yəni sistəmə düşdüyü an baxmaq olar ki bu məhsul vergiyə düşür ondan vergi alınmalıdır və ya əksinə alınmamalıdır. Vətəndaşın, sahibkarın idxal etdiyi məhsulu şəxsi istehlak adıyla gətirib satması qaçaqmalçılıqdır. Lakin sahibkarlığın, həmçinin də iqtisadiyyatın inkişafı üçün bu limit artırılmalıdır. Qanunvericiliyə yenidən baxılmalıdır. Covid-19 virusundan dolayı yetərincə zərər çəkmiş sahibkarlara bir də bu limit tətbiq olunarsa qiymətlərin artırılmasına səbəb olacaq.
Türkiyə, Amerika, Rusiya və Dubaydan sifarişlərin Azərbaycana çatdırılma ilə məşğul olan Mover (Mover.az) Karqo və Logistika şirkətindən isə mövzu ilə bağlı Metbuat.az-a bildirilib ki, hazırda fiziki şəxslər 1000 dollarlıq şəxsi idxal limitindən istifadə edərək bir çox xarici ölkədən alış-veriş edə bilir.
Mover.az-ın ekspertinin sözlərinə görə vətəndaşlar xarici ölkələrdən sifariş zamanı 1000 dollarlıq şəxsi istehlak limitini keçdiyi zaman onların yükləri gömrük orqanları tərəfindən saxlanılır:
“Bu zaman vətəndaşları 1000 dollarlıq şəxsi istehlak limitindən əlavə hissəyə görə dövlət rüsumunu ödəyib, sifarişlərini gömrükdən təhvil alırlar. Onu da qeyd edək ki, sifarişlərin Azərbayana gətirilməsi zamanı hesablanan daşınma haqqı da bu limitə əlavə edilir. Yəni əgər məhsulun sifarişin ümumi dəyəri 950 dollar, daşınma haqqı isə 51 dollar edirsə, bu zaman vətəndaşın yükləri 1000 dollarlıq limiti 1 dollar keçdiyi üçün saxlanılır və vətəndaşdan 1 dollara görə gömrük rüsumu alınır”.
Şirkətdən onu da bildiriblər ki, Mover-in müştəriləri öz səhifələrində son 30 gün ərzində xaricdən neçə dollarlıq sifariş etdiklərini mütəmadi olaraq izləyə bilir:
“Bizdə sistem elə qurulub ki, müştərilərimiz 30 son gün ərzində bizim vasitəmizlə xarici ölkələrdən neçə dollarlıq sifariş verdiyini görə bilir. Bu isə ona kömək edir ki, bizim müştərilərimiz bilmədən 1000 dollarlıq limiti aşmır və beləliklə sifarişləri gömrük orqanları tərəfindən saxlanmır. Bu sistem müştərilərimizin işinə çox kömək edir. Onlar bu limiti Mover.az saytında profillərində izləyərək, limit həddinə yaxınlaşdıqda sifarişi dayandırır, yeni hədd yarandıqda isə yenidən sifariş edirlər”.
Mövzuya münasibət Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirdi ki, fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırda Azərbaycan vətəndaşlarının xaricdən bağlama üsulu ilə gətirilən məhsullarda aylıq limit 1000 dollarlıq limitin azalması ilə bağlı hökumətin heç bir qərarı yoxdur.
Gülbəniz Hüseynli / Metbuat.az