Fransa və Türkiyə: 300 illik dostluq, 3 müharibə

.

Türkiyədə baş verən proseslərə Azərbaycanda xüsusi maraq var. Bu, təsadüfi deyil. Azərbaycan üçün Türkiyə xüsusi önəm daşıyan ölkədir. Təsadüfi deyil ki, həm Türkiyədə, həm də Azərbaycanda “bir millət, iki dövlət” şüarı çox populyardır.

Hətta bir çoxu bu ölkələrin birləşməsi üçün müxtəlif formatlar təklif edirlər. Rusiyanın himayəsi altında Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanla qarşıdurmada Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır. O da sirr deyil ki, tezliklə Azərbaycanda Türkiyə hərbi bazasının yaradılacağı gözlənir. Qərb mətbuatı yazır ki, arxasında Türkiyənin ağırlığını hiss edən Azərbaycan təkidlə Rusiyanı Ermənistana qeyri-qanuni silah ixracında ittiham edir. Halbuki əvvəllər Azərbaycan Rusiya ilə münasibətlərin kəskinləşməsindən yayınmağa çalışırdı.

Türkiyədə isə ciddi proseslər gedir. Rəsmi Ankara ölkənin milli maraqlarını qorumaq üçün Avropa Birliyi, ABŞ və Rusiya kimi dünyanın güc mərkəzləri ilə qarşıdurmadan çəkinmir. Görünən odur ki, Türkiyə öz sərhədlərinə sığmır və regional güc mərkəzi kimi nüfuz savaşında kimsəyə güzəştə getmək fikrində deyil. Bütün dünyanın gözü qarşısında qüdrətli bir Türkiyənin yeni imici formalaşır. Bu prosesə etiraz edən dövlətlər də az deyil. Heç şübhəsiz ki, etirazçıların önündə Fransa gəlir.

Bu yazıda dalana dirənmiş Fransa-Türkiyə münasibətlərinin bəzi önəmli məqamlarına toxunmağa çalışacağıq.

Türkiyə-Fransa münasibətlərinin tarixi XVI əsrdən başlayır və iki ölkə arasında rəsmi dövlət münasibətləri mövcuddur. 1535-ci ildən Fransanın Türkiyədə (Osmanlı) səfirliyi var. Fransa kralı I Fransis (1515-1547) ilə Qanuni Sultan Süleyman (1520-1566) (Qərbdə Möhtəşəm Süleyman kimi tanınır) arasında müttəfiqlik münasibətləri yaranıb. Fransa ilə Osmanlı arasında dostluq münasibəti 3 yüz ilə qədər davam edib.

Bu ölkələr arasında 3 dəfə müharibə olub. Fransa imperatoru Napoleon Bonapart (1804-1814-15) general kimi Misir-Suriya hərbi kampaniyasına (1798-1800) başladı. Bu ərazilər isə Osmanlı imperiyasının bir hissəsi idi. İkinci dəfə Fransa Türkiyə ilə I Dünya Müharibəsində üz-üzə gəldi. 1919-1921-ci illərdə Türkiyə müstəqillik savaşına qalxdı və yenə Fransa ilə vuruşmalı oldu. O da maraqlıdır ki, Fransa Sevr müqaviləsindən (1920-ci il avqustun 10-da 14 dövlət tərəfindən Severdə (Fransa) “Müttəfiq Dövlətlər və Türkiyə arasında bağlanmış sülh müqaviləsi” - E.H) imtina edən ilk ölkədir. Atatürk Türkiyəsini rəsmən tanıyan ilk Qərb ölkəsi də Fransadır.

Türkiyə-Avropa Birliyi münasibətləri

Qardaş ölkənin Avropa Birliyinə daxil olmasına imkan verməmək üçün Fransa əlindən gələnləri edib və etməkdədir. Fransanın 22-ci prezidenti Jak Şirak (1995-2007) 2004-cü ildə bəyan etdi ki, Türkiyənin Avropa Birliyinə daxil olmasına xalq referendum yolu ilə münasibət bildirməlidir. Təbii ki, bu təklif ciddi qarşılanmadı, tezliklə unudulub getdi. Ancaq bu bəyanat göstərdi ki, Fransa Türkiyəni Avropa Birliyində görmək istəmir.

Jak Şirakdan sonra prezident olan Nikolya Sarkozi (2007-2012) isə açıq şəkildə belə bir bəyanat verdi: “Avropa Birliyində Türkiyəyə yer yoxdur”.

Türkiyə hesab edir ki, Avropa Birliyi, əslində, xristian klubudur. Əhalisinə görə Avropanın ən böyük müsəlman ölkəsinin bu klubda olması Xristian Dünyası üçün təhlükə hesab olunur. Təsadüfi deyil ki, Fransanın "Charlie Hebdo" jurnalı bugünlərdə Məhəmməd peyğəmbərin karikaturalarını təkrar çap edib. Bu addımı açıq şəkildə dəstəkləyən Fransa prezidenti Emmanuel Makron bunu “ifadə azadlığı”nın təcəssümü kimi dəyərləndirib. Göründüyü kimi, din amili bu məsələdə kifayət qədər ciddi rol oynayır.

Erməni məsələsi

2011-ci il, 22 dekabr tarixində Fransada erməni soyqırımını inkar edənlərlə bağlı qanun qəbul olundu. Yeni qanuna əsasən, erməni soyqırımını inkar edən şəxs 1 il müddətinə azadlıqdan məhrum ola bilərdi, üstəlik, 45 min avro cərimə ödəməli idi. Buna cavab olaraq Türkiyə Fransa ilə münasibətlərini dondurdu. Siyasi ilişkilərə son verildi. Fransa hərbi gəmilərinin və uçaqlarının Türkiyə ərazisinə girişi qadağan olundu. Fransa hər bir hərbi uçağının Türkiyənin hava məkanına daxil olması üçün ayrıca icazə almaq zorunda qaldı. Zatən Türkiyə Fransaya əvvəlcədən xəbərdarlıq etmişdi ki, əgər Senatdan bu qanun layihəsi keçsə, ikitərəfli münasibətlərə ciddi ziyan dəyəcək. Fransanın Əfqanıstandakı hərbi bazası ilə əlaqəsində ciddi problem yarandı. Hemin vaxt Fransanın Müdafiə naziri olan Jerar Lonq gileylənirdi ki, digər marşrutlar olduqca baha başa gəlirdi.

2012-ci il, fevralın 28-də Fransanın Konstitusiya Məhkəməsi sözügedən qanunu ləğv etdi. Halbuki Fransada hələ 1990-cı ildə “Qeysso Qanunu” qəbul olunmuşdu. Həmin qanuna görə, yəhudi soyqırımını tanımaqdan imtina (Holokost məsələsi) etmək bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilirdi.

“NATO beyin ölümü keçirdi”, - Türkiyəyə görə

Fransa prezidenti Emmanuel Makronun “NATO beyin ölümü keçirdi” açıqlaması yadınızdadırmı? Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyata etiraz olaraq Fransa prezidenti belə kəskin bəyanatla çıxış etdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cavabı da ağır oldu: “Fransa prezidenti, cənab Makron, mən sizə Türkiyədə dedim, NATO-da da deyəcəm. Beyin ölümü ilə bağlı öncə öz başınızı yoxlayın”.

Bu məsələdə ABŞ prezidenti Donald Tramp Türkiyə prezidentinə ciddi dəstək verdi. Fransa tərəfi isə cənab Ərdoğanın bəyanatını təhqir kimi dəyərləndirdi və Türkiyənin Parisdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu. Liviya məsələsində də Fransa NATO-nu Türkiyəyə qarşı qaldırmağa çalışdı. Bu dəfə də Emmauel Makronun bəyanatına Türkiyə ciddi təpki göstərdi.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy belə dedi: "Türkiyənin qanuni Liviya hökumətini istəyi və BMT qərarları çərçivəsindəki davranışını cənab Makronun "təhlükəli oyun" adlandırması yalnız ağlın itməsi ilə izah oluna bilər".

O, Parisin müstəmləkə keçmişini də xatırladaraq "Liviya xalqının Fransanın vurduğu ziyanı heç vaxt unutmayacağını" söylədi.

Bundan əlavə, Aksoy Fransanın regional məsələlərdə qərar qəbul etmək hüququna malik olmadığını bildirdi: “Aralıq dənizinin şərqində sahil zolağı olmayan Fransa özünü bu regiona aid tərəf kimi aparır. Bu isə qəbulolunmazdır”.

Fransa bu regionda Türkiyənin qanuni hüquqlarını heçə saymağa cəhd göstərir. Bu da regionda gərginliyin yaranmasına səbəb olur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Aralıq dənizinin sərvətlərinə əl qoymaq istəyən müasir müstəmləkəçi olduğunu deyir: “Afrikadan Cənubi Amerikaya qədər sümürmədikləri yer, qətl etmədikləri xalq, zülm etmədikləri insan buraxmayanların dövrü sona çatır”.

Liviyada 4 NATO ölkəsi üz-üzə gəldi

Fransa, Yunanıstan, İtaliya və Türkiyə Liviyada öz maraqlarını təmin etməyə çalışırlar. Bu isə o qədər də asan deyil. Rəsmi Roma və Ankara BMT tərəfindən tanınan Liviyanın Baş naziri Fayiz əs-Sərracı müdafiə edir. Rəsmi Paris isə qeyri-rəsmi şəkildə general Xəlifə Haftarın yanındadır. Fransa üçün Liviya önəmli ölkədir. Çünki Çad və Niger kimi keçmiş müstəmləkələri məhz Liviya ilə həmsərhəddir. General Haftar “Müsəlman Qardaşları” təşkilatının da qarşısında dayanıb. Bu amil də Fransa üçün əhəmiyyətli məsələdir.

Rusiyanın Yaxın Şərq İnstitutunun eksperti Yevgeni Satanovski “Газетa.Ru” saytında belə yazmışdı: “Fransa Haftarın, İtaliya isə Sərracın yanındadır. Bu, italiyanlarla fransızlar arasındakı köhnə davadır. İş orasındadır ki, Liviyanın bir hissəsi İtaliyanın, digər hissəsi isə Fransanın müstəmləkəsi olub. Liviya adlı inəyin südünü kim sağacaq? Bu suala Fransanın və İtaliyanın cavabları fərqlidir. Ona görə də öz aralarında dalaşırlar”.

Emmanuel Makron yenidən Livana səfər edib

Fransa Livanı təsir dairəsinə almaq istəyən Türkiyənin qarşısını almaq üçün hərəkətə keçib. ”The Global Research” saytı bu məsələ ilə bağlı təhlil yazısı təqdim edib. Sayt yazır ki, Fransa keçmiş müstəmləkəsi olan, xristianların ən çox yaşadığı müsəlman ölkəsində yenidən möhkəmlənməklə Türkiyənin Yaxın Şərqdəki nüfuzunu zəiflətməyə çalışır. Bu məqsədlə birinci səfərindən heç bir ay keçməmiş Fransa prezidenti yenidən Livanda peyda olub. Cənab Makron bəyan edib ki, Fransa Livanın regional güclərin təsiri altına düşməsinə, yenidən vətəndaş müharibəsinə qərq olmasına qarşıdır və bunu əngəlləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır. Cənab Makron regional güclər dedikdə Türkiyə, Səudiyyə Ərəbistanı və İranı nəzərdə tutur. Bu ölkələrin üçü də Livanda söz sahibi olmaq üçün bir-biri ilə rəqabətdədir. Fransa da bu rəqabətdə dördüncü tərəf olmaq fikrindədir. Liviyada sünni və şiə müsəlmanların sayı, demək olar ki, bərabərdir. Sünnilər Səudiyyə Ərəbistanı başda olmaqla varlı Körfəz ölkələrinə və Türkiyəyə meyllidirlər. Şiələr isə ”Hizbullah”ın simasında İranın yanında yer alırlar.

”The Global Research” saytı belə yazır: "Fransa hesab edir ki, o, keçmiş müstəmləkəsində real söz sahibi olmağı haqq edir. Xarici siyasətdə öz bildiyini etməyə üstünlük verən rəsmi Paris getdikcə həm Vaşinqtondan, həm də Berlindən daha çox uzaqlaşır. Yaxın Şərqdə Türkiyəyə xeyli uduzan Fransa Afrikadakı müstəmləkələrini də Ankaraya peşkəş etmək istəmir. Bu məqsədlə Fransa Aralıq dənizində Yunanıstanı və Kipri dəstəkləyir. Maksimalist hədəfləri olan Türkiyə isə Fransanın bu davranışlarından məmnun deyil".

O da qeyd olunur ki, Türkiyəni İraqdan da sıxışdırıb çıxarmaq üçün Fransa müəyyən addımlar atır. Türkiyənin İraqda PKK-çılara qarşı keçirdiyi əməliyyatlar rəsmi Parisin ürəyincə deyil. Fransa keçmiş müstəmləkəsi olan Suriyada da Türkiyənin qarşısını kəsməyə çalışır.
Göründüyü kimi, Fransa ilə Türkiyə Aralıq dənizində, Afrika və Yaxın Şərqdə ciddi rəqabətdədirlər. Bu rəqabətin müharibəyə çevrilmək ehtimalı da az deyil.

Fransada Valsı qadağan edən Sultan

Sonda daha bir tarixi məqamı xatırladaq. Qanuni Sultan Süleymanın Fransa kralına məktubu var. Məzmunu belədir: Mənə verilən məlumata görə, sizin sarayda qadınlarla kişilər bir-birinə sarılaraq vals rəqsi edirlər. Bunu aradan qaldırmasanız, Fransanın altını-üstünə çevirərəm. Bəzi mənbələrə görə, bu məktubdan sonra Fransada 100 il vals rəqsi edən olmadı.

Təbii ki, o vaxt Osmanlı İmperiyası dünyanın ən güclü ölkəsi idi. İndi Türkiyə o gücə sahib deyil. Ancaq Türkiyə getdikcə güclənir. Dünyanın reallığı isə belədir ki, yalnız güclülərlə hesablaşırlar.

Musavat.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR