ANS TV-də yayımlanan "Maşın" realiti-şousunda final həyəcanı davam edir.

ANS PRESS-in məlumatına görə, aparıcısı və müəllifi Murad Dadaşov olan proqramın finalında iştirakçılara dəstək olmaq üçün bir neçə sənətçi qonaq qismində dəvət olunub. Onların sırasında bir neçə gün əvvəl öz istəyi ilə əlini maşından çəkərək oyundan uzaqlaşan müğənni Abbas Bağırov da yer alıb.

Müğənni maşın ətrafında qalan sənətçilərə uğur diləyib və avtomobili qazanan şəxsə özü də ayrıca bir hədiyyə bağışayacağını dilə gətirib. Lakin o, hədiyyənin nə olduğunu gizli saxlayıb.

Qeyd edək ki, finalda müğənnilər Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı mübarizəni davam etdirir.

Şou hər axşam saat 22:00-da, ANS TV-də canlı yayımlanır.