İnternet məhdudiyyəti aradan qaldırıla bilər? - Deputat və nazirlikdən REAKSİYA

.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Qarabağda hərbi əməliyyatların şiddətlənməsini nəzərə alaraq, ölkə ərazisində interneti məhdudlaşdırıb. Sosial şəbəkələrə daxil olmaqda çətinlik çəkən bəzi istifadəçilər isə çıxış yolunu VPN kimi proqramlarda görürlər. Heç kimə sirr deyil ki, bu gün sosial şəbəkələr informasiya savaşının aparıldığı məkan olmaqla yanaşı, dezinformasiyaların geniş yayıldığı bir platformaya çevirilib. Onsuz da hər kəs hansısa yolla sosial şəbəkələrə daxil ola bilir. Belədə bunu nəzərə alan nazilik internetə tətbiq edilən məhdudiyyətin aradan qaldırılması məsələsinə yenidən baxa bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Modern.az-a bildirib ki, internetin məhdudlaşdırılması yalnız sosial şəbəkələrə girişin məhdudlaşdırılması anlamına gəlmir:

“Ölkə xaricindən Azərbaycana qarşı kiberhücumların qarşısını almaq üçün ən yaxşı metodlardan biri internetin sürətinin zəiflədilməsi, bir çox hallarda məhdudiyyətlərin tətbiq olunmasıdır. Əks halda, düşmən tərəfi kiberhücum edərək, Azərbaycanın infrastrukturuna zərər vura, internetdən müəyyən informasiyaların oğurlanmasına nail ola bilər. Bu baxımdan bütün dünyada hərbi əməliyyatların getdiyi vaxtda internet məhdudlaşdırılır.

İstənilən halda məsələnin mənəvi tərəfi də var. Nəzərə almaq lazımdır ki, sosial şəbəkələr dezinformasiyaların, saxta xəbərlərin ən geniş yayıldığı yerdir. Hansı ki, bunu müşahidə etmək də çətin deyil. Ona görə də ən düzgün yol rəsmi xəbər mənbələrinə etibar və istinad etməkdir”.

Komitə sədrinin sözlərinə görə, vətəndaşlar VPN kimi qanunsuz proqramlardan istifadə etməklə məhdudiyyəti keçməyə çalışırlarsa, bunun böyük risk olduğunu da anlamalıdırlar:

“Bu, həmin insanların şəxsi məlumatlarının oğrulanmasına, kiberhücumlara məruz qalmalarına səbəb ola bilər. Texnoloji cəhətdən tam məhdudlaşdırma mümkün olmadığı üçün dövlətin və hökumətin qanuni formada rekamendasiya verməsi tamamilə normal haldır. Hərbi əməliyyatların davam etdiyi bir vaxtda internetdə məhdudlaşdırmalar hökmən olmalıdır. Əks halda, informasiyaların düşmən tərəfindən ələ keçirilməsi və dezinformasiyalar geniş şəkildə yayılması baş verər.

Mən əminəm ki, VPN, yaxud qeyri-qanuni proqramalardan istifadə edən istifadəçilərin sayı o qədər də çox deyil. Amma istənilən halda bu, hərbi vəziyyətlə bağlı qanunun tələblərindən irəli gələn məsələ olduğu üçün kommunikasiya məhdudlaşdırılmalıdır. Fürsətdən istifadə edib, vətəndaşlara müraciət edirəm ki, VPN və bu kimi proqramlardan istifadə zamanı çox diqqətli olsunlar. Çünki bu proqramlar düşmən tərəfinin nəzarətində ola bilər. Nətisədə məlumatlarının oğurlanmasına və kiberhücumlara məruz qalmalarına gətirib çıxarar”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib ki, internetin məhdudlaşdırılması sırf dövlətimizin, ordumuzun və xalqımızın təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır:

“Məsələnin görünən və görünməyən tərəfləri var. Məsələ burasındadır ki, bəzən bizim görə bilmədiyimizi düşmən görə bilir. Çünki daim axtarışdadır, bizə məxsus məlumatların əldə edilməsində maraqlıdır və buna çalışır. Ona görə də hərbi vəziyyətdən irəli gələn səbəblərdən məhdudiyyət davam edir”.

Nazirlik rəsmisi qeyd edib ki, internetə tətbiq edilən məhdudiyyət aradan qaldırılanda ictimaiyyətə rəsmi məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR