''İran kimlə təhlükəsizliyini təmin etmək istəyir? Azərbaycan Ermənistana hücum edəcək, ya Ermənistan Azərbaycana? Bəlkə, düşünürlər ki, Azərbaycan Zəngilan vasitəsilə İrana, yaxud Zəngəzurdan Ermənistana daxil olacaq? Bizim belə niyyətimiz də yoxdur''.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi analitik Turab Rzayev müsahibəsində bildirib. Politoloq deyir ki, İranın hərbi təlim keçirmək təşəbbüsündə xoş niyyət yoxdur.
"Əgər məsələ İran ərazisinə düşə bilən 5-6 artilleriya mərmisidirsə, onda ordu nə edəcək onun qarşısında? Biz məhz bu məqsədlə ilk növbədə Arazboyu ərazini azad etdik ki, İrana hansısa bəhanə qalmasın. Ağbəndin ordumuzun nəzarətinə keçməsi ilə bəhanələrə qon qoyuldu. Elə isə qoşunların sərhəd bölgəsinə yerləşdirilməsi nəyə hesablanıb?
İranın niyyəti bu addımdan təsir mexanizmi kimi istifadə edib psixoloji təzyiq göstərməkdir . Amma İranın hərbi müdaxilə edəcəyinə inanmıram. Buna cəsarəti və kifayət qədər gücü yoxdur. Üstəgəl, İran izolyasiya edilmiş ölkədir.
Turab Rzayev bildirdi ki, Ermənistan və İran Rusiyanı müharibəyə cəlb etməyə çalışır. Yeganə ümidləri Kremldir.
''Amma əgər üçüncü tərəf olarsa, hərbi əməliyyatların miqyası genişlənəcək. Hətta NATO ölkələri də müharibəyə qoşulacaq. Bu isə bir neçə dəfə dediyim kimi, həmin ölkələrin dağılması ilə nəticələnəcək. İran təkbətək Azərbaycanla bacarmaz. Və, əlbəttə, Türkiyə, İsrail bizim tərəfdən çıxış etsə, İranın vəziyyəti lap ağır olacaq. Odur ki, İran məhvini sürətləndirmək istəmirsə, öz daxili işlərilə məşğul olsun''.
Siyasi analitik bildirdi ki, Rusiya bu məsələdə Ermənistan və İrana razılıq verməyibsə kənardan müşahidəçi rolunu apara bilər.
''Çünki problemi başından aşır. Ukrayna, Belarus, Gürcüstan, Liviya və Suriyadakı problemlər, həmçinin daxili çətinliklər onsuz da kifayət qədərdir. Həm də Türkiyə ilə yaxşı əməkdaşlığı var. Rəsmi Moskva bütün dünyanın ona sanksiya tətbiq etdiyi vaxtda hansısa bir kəndin kimin nəzarətində olması konfliktinə görə niyə tərəf kimi çıxış etməlidir?
Digər məsələ isə ondan ibarətdir ki, Ermənistanda rus bayraqları var. Və biz məhz həmin bayraqlara hörmət etdiyimizə görə, başqasının torpağına girmirik.
Halbuki Emrənistanın 4-5 rayonunu ələ keçirmk bizim üçün çətin deyil. Orada bunun qarşısını ala biləcək qüvvə yoxdur. Amma əgər biz rus bayraqlarına hörmət ediriksə, onlar da bunu qarşılıqsız qoymamalı, sui-istifadəyə şərait yaratmamalıdırlar''.
Gülbəniz Hüseynli / Metbuat.az