İndoneziyada narkotik maddə qaçaqmalçılığına görə beş əcnəbi güllələnib

İndoneziyada narkotik maddə qaçaqmalçılığına görə beş əcnəbi güllələnib
10:48 18 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+


Cakarta, 18 yanvar, AzərTAc
İndoneziyada narkotik maddələrin qaçaqmalçılığına görə barələrində ölüm hökmü çıxarılmış beş əcnəbi yanvarın 18-nə keçən gecə güllələnib.
Bu barədə İndoneziya hökumətinin nümayəndələri məlumat veriblər.
Güllələlənlər Braziliya, Vyetnam, Niderland, Nigeriya və Malaviya vətəndaşlarıdır. Onlarla birlikdə həmin maddə üzrə ittiham olunan indoneziyalı qadın da edam olunub.
İndoneziya hökuməti beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq, ölüm hökmünü icra edib. Belə ki, Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Maqerini rəsmi Cakartanın bu niyyətini “təəssüfə layiq” adlandırmışdı. Eyni zamanda, Braziliya Prezidenti Dilma Russeff yanvarın 16-da indoneziyalı həmkarı Coko Vidodoya şəxsən müraciət edərək bu ölkə vətəndaşının əfv olunmasını xahiş etmişdi.
Bu barədə bəyənatla çıxış edən İndoneziya Prezidenti Coko Vidodo deyib: “Bizim ölkəmiz narkotrafikə görə fövqəladə vəziyyətdədir və buna görə də biz qaçaqmalçılara heç bir güzəştə getməyəcəyik”.
Braziliya İndoneziyadakı səfirini bu ölkə vətəndaşının edamına etiraz əlaməti olaraq artıq geri çağırıb.
Hazırda İndoneziya həbsxanalarında əsasən narkotik maddələrin qaçaqmalçılığına görə barələrində ölüm hökmü çıxarılmış 135 nəfər var. Onların 47-si əcnəbidir.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Cakarta

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Indoneziyada_narkotik_madde_qachaqmalchiligina_gore_bes_ecnebi_gullelenib-825621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR