Latviyanın sabiq Prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

.Metbuat.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının 17-ci beynəlxalq toplantısında yekdilliklə qəbul olunan müraciəti şəxsən öz adımdan, həmsədrimiz İsmail Serageldinin və Qəyyumlar Şurasının bütün üzvləri adından Zati-alinizə çatdırmaqdan şərəf hissi duyuram.

Biz Ermənistanın beynəlxalq hüquqa zidd olaraq 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik ərazilərin azad edilməsi münasibətilə Azərbaycan xalqına, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində göstərilən əhəmiyyətli səylər nəticəsində qazandığınız inamlı qələbə, vəziyyətin sabitləşdirilməsi, eləcə də daha çox qan tökülməsinin qarşısını almaq məqsədilə Ermənistan və Rusiya Federasiyası ilə birgə üçtərəfli razılaşma imzalamağınız münasibətilə Azərbaycanı təbrik edirik.

Son qarşıdurmalar zamanı baş verən insan tələfatı, həmçinin münaqişə zonasından kənarda yerləşən tarixi Gəncə şəhərində qətlə yetirilmiş mülki şəxslər ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk. İşğal olunmuş əraziləri tərk edən ermənilər tərəfindən qəsdən törədilən dağıntıları və vandalizm aktlarını təəccüb və böyük narahatlıqla qarşılayırıq. Biz inanırıq ki, bu qeyri-insani hərəkətlərə və onların səbəb olduğu acınacaqlı nəticələrə baxmayaraq, Sizin müdrik və humanist rəhbərliyinizlə yenidənqurma, insanların öz doğma torpaqlarına qayıdışı, eləcə də sülhün və əmin-amanlığın bərpası ölkənizin gündəliyində duran əsas məsələ olacaq.

2020-ci ilin bu çətin dönəmində biz dünya ictimaiyyətinə bununla bağlı mesajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində beynəlxalq onlayn müzakirələr təşkil edir, məqalələr və onlayn bəyanatlar yayırıq. Biz beynəlxalq səviyyədə apardığımız təbliğat işlərimizi ən yüksəksəviyyəli təmaslarımızda da davam etdiririk, Nizami və Azərbaycan adını daim ən yaxşı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırırıq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzvləri adından Zati-alinizə möhkəm cansağlığı, dövlətinizə təhlükəsizlik və firavanlıq arzulayırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR