“Müsəlman insanların hüquqları sizin üçün bu qədər önəmlidirsə, buradakı insanlar müsəlman deyilmi? Niyə söhbət İrandan gedəndə susursunuz?!”
Metbuat.az xəbər verir ki, bu fikirlər Təbrizin “Traktor” futbol klubunun rəsmi Facebook səhifəsində yayılan paylaşımda yer alıb. Paylaşımda Türkiyənin Azərbaycanda məktəblərdə hicabla bağlı müzakirələrə münasibəti tənqid olunub, İranda yaşayan azərbaycanlı türklərin ana dilində təhsil hüququ məsələsi gündəmə gətirilib.
Qeyd olunub ki, İranda 40 milyona yaxın türk yaşayır, lakin onların məktəblərdə ana dilində təhsil almasına imkan verilmir:
“Amma Azərbaycanda bir həftədir hicab qadağası var deyə hamınız öz qardaşlarınıza qarşı düşmən oldunuz! İranda 100 ildir müsəlman türklərə qarşı aparılan assimilyasiyaya isə səsiniz çıxmır!”.
Paylaşımda həmçinin İranda uşaqlara türk dilində ad verilməsi, şirkət və mağazaların türk dilində adlandırılması ilə bağlı məhdudiyyətlərin olduğu bildirilib. Türkiyədə müsəlmanların hüquqlarını müdafiə edən şəxslərə müraciət edərək İranda yaşayan türklərin də müsəlman olduğunu xatırladılıb.
Qeyd edək ki, son günlər Azərbaycanda məktəblərdə vahid məktəbli geyimi ilə bağlı müzakirələr Türkiyədə də geniş rezonans doğurub. Ankara və İstanbulda Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında təxribat xarakterli aksiyalar keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Oktay Saral da məsələ ilə bağlı tənqidi mövqe nümayiş etdirib. Yeni Azərbaycan Partiyası isə onun açıqlamalarını məsuliyyətsiz hesab edərək iki ölkə arasındakı münasibətlərə zərər verə biləcəyini vurğulayıb.