Mayın 9-da start 18 iştirakçı ilə start götürən "Maşın"da 3 finalçı - Xatirə İslam, Samir Cavadzadə və Rəşad Dağlı mübarizə aparır. Artıq onlara özlərindən başqa heç kim kömək edə bilməz. Nə sms səsverməsi, nə də hədəf olmaqdan yayınmaq onlara kömək olmayacaq. Bu, sırf dözümlülük, iradə mübarizəsidir.
Dünəndən başlayan ağır sınaqda kimin tab gətirəcəyi bəlli deyil. Finalın ilk günündə hər şey qaydasında idi. Gün ərzində əllərini maşından çəkməyən finalçılar elə də yorgun görünmürdülər. Finalın ilk günün onlara bir saatdan bir əllərini dəyişməyə icazə verilirdi və təbii ehtiyaclarını ödəmək üçün yalnız 2 dəfə maşının ətrafını tərk edə bildilər. Bu gündən isə şərtlər daha da ağırlaşdı. Oyunçular əllərini maşından yalnız 1 dəfə çəkə bilərlər. O da yalnız təbii ehtiyaclarını ödəmək üçün.
İkinci gün olduğundan vəziyyət daha da ağırlaşır. Oyunçuların gücləri tükənir, iradələri zəifləyir. Gün ərzində hər şey baş verə bilər. "Maşın" realiti-şou axşam efirə çıxdıqda maşının ətrafında kimi görmək bizə nəsib olacağını bilmirik. Bəlkə də hər üç iştirakçı hələ də əllərini maşından çəkməyib, amma buna inanmaq bir balaca çətindir.
Dünən gözümə ən çox yorğun görünən Rəşad Dağlı idi. Xatirə İslam və Samir Cavadzadə daha gümrah görünürdü. "Buradan mənim ancaq meyidim çıxa bilər" deyən Xatirə İslam, hətta yeməkdən belə imtina edib. Digər finalçılar da qidalanmanı dayandırmağa qərar vermişdilər. Bu vəziyyətdə nə qədər tab gətirəcəklərini isə özləri də bilmir. Kişi oyunçulara nisbətən Xatirə İslamın bir üstünlüyü var ki, o da siqaretdir. Rəşad və Samir neçə gün siqaretsiz qala biləcəyi özləri üçün də sual olaraq qalır...
Finalçıların səhhətində hər an problem yarana biləcəyini nəzərə alıb, gecə-gündüz təcili-tibbi yardım briqadası keçik çəkir.