Bakı, 27 may, AZƏRTAC
Vergilər Nazirliyi Dünya Bankı ilə birlikdə “Nağdsız əməliyyatların stimullaşdırılması layihəsi” üzrə texniki yardım Sazişinin layihəsini hazırlayıb. Hazırda “Nağdsız əməliyyatların stimullaşdırılması layihəsi” üzrə texniki yardım Sazişinin Vergilər Nazirliyi, Mərkəzi Bank və Dünya Bankı tərəfindən imzalanması üçün tərəflər hüquqi aspektləri nəzərdən keçirirlər. Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsini Dünya Bankı öz üzərinə götürüb.
Bu fikirləri Dünya Bankının Azərbaycan üzrə ölkə iqtisadçısı Konqyan Tan Vergilər Nazirliyində keçirilən görüşdə səsləndirib.
Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Dünya Bankı ilə birlikdə həyata keçirilən layihələr və bu sahədə Nazirliyə texniki dəstəyin göstərilməsi istiqamətində görülən işlərdən danışıb. İqtisadiyyatda nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı texniki yardımın göstərilməsi istiqamətində Dünya Bankı tərəfindən hərtərəfli dəstəyin göstərildiyini xüsusi vurğulayan N.Əmirov ötən ildən başlayaraq bu sahədə xeyli iş görüldüyünü deyib.
Konqyan Tan nağdsız əməliyyatların stimullaşdırılması sahəsində texniki yardımın göstərilməsi məsələsinə Dünya Bankı tərəfindən xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.
Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Lesçenkonun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.