Naxçıvan 27 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında gənclərin və məhdud fiziki imkanlı şəxslərin məşğulluğu, onların peşə kurslarına cəlb edilməsi, müəssisələrdə müəyyən edilən kvota yerlərinə işə göndərilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılır. Cari ilin dörd ayı ərzində məhdud fiziki imkanlı və hərbi xidmətini başa vuran 61 nəfər müvafiq işlə təmin edilib, 77 nəfər isə peşə kurslarına cəlb olunub.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların, o cümlədən gənclərin və məhdud fiziki imkanlı şəxslərin əmək bazarına inteqrasiyasına, onların sosial rifahının yüksəlməsinə imkanlar yaradıb.
Dövlət Proqramının sosial cəhətdən həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi bəndinin icrasına uyğun olaraq, Şərur rayonunun Çərçiboğan və Yuxarı Daşarx kənd sakinləri – məhdud fiziki imkanlı Emin Məmmədovun və hərbi xidmətdən tərxis olunan Bəhlul Məmmədovun, Culfa rayonunun Bənəniyar kənd sakini, məhdud fiziki imkanlı İbrahim Həsənovun hər birinə təsərrüfat fəaliyyətlərini qurması üçün lazımi kömək göstərilib.