Metronu açın ki, insanlar əziyyət çəkməsin -

''Heç kəs də istəməz ki, yenidən virusa yoluxanların sayı əvvəlki aylarda olduğu kimi yüksəlsin. Amma avtobuslarda hədsiz sıxlıq müşahidə edilir. İnsanlar bir-birinə yaxın məsafədə yol qət etməli olurlar. Bu zaman təbii ki, yoluxma üçün də şərait yaranacaqdır''.

Bu fikirləri Metbuat.az-a özəl açıqlamasında millət vəkili Cavanşir Paşazadə bildirib. Hazırda yoluxma sayında olan artım dinamikası səbəbindən insanların sərt karantin rejiminin yenidən tətbiq edilib edilməyəcəyi narahatlıqları var. Bu məsələyə aydınlıq gətirməyə çalışan millət vəkili dedi ki, nəqliyyatda sıxlığın yaranmasına əsas səbəb metronun bağlı qalmasıdır.

''Metronun bağlanması işlərin bir qədər də pisləşməsinə gətirib çıxardı. Pik saatlarda insanlar nəqliyyatın gecikməsi səbəbindən, məcbur olub 20 adam əvəzinə az qala 50 adam həmin avtobusdan istifadə edir.

Bəs bu zaman karantin qaydaları pozulmurmu? Bütün bu baş verənlərə, problemlərə səbəb yaşanan hadisələrin dövlətin, hökümətin qarşısında düzgün proqramların qurulmaması səbəbindən baş verir.

Mən düşünürəm ki, metronun açılması xəstəliyin daha da çoxalmasının qarşısının alınmasında kömək edə bilər''.

Millət vəkili qeyd etdi ki, insanlar çox vaxt 15 dəqiqəlik yolu 1 saata avtobusla getməli olurlar. Nə üçün bu qədər əziyyəti camaat yaşamalıdır? Metro çoxdan açılmalı idi.Hər kəs üzərinə düşən işini vaxtında görərsə bütün problemlərin həllində müsbət dəyişikliklər olar.

''Qarşıdan əziz qədim ənənələri özündə ehtiva edən Novruz bayramı gəlir. Təbii ki, bayramlarımızı keçirtmək lazımdır amma yoluxma ehtimalına görə hər kəs məhsuliyyətini də dərk etməlidir. Virusdan müalicə olunan yaşlı xəstələrimiz var. Onları müalicə etmək də çox çətindir.

İnsanların rifahı naminə, onları incitməyəcək qərarlar qəbul edilməlidir. Yoxsa virus yayılmağa başlayır, gəlin o müəssisəni bağlayaq, nəqliyyatda sıxlıq azaltmaq əvəzinə metronu bağlayıb daha da yoluxma üçün şərait yaratmaq, cəmiyyətə zərər verməkdən başqa bir şeyə xidmət etmir''.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR