Millimizin futbolçularından yoldaşlıq oyunu ilə bağlı açıqlama

"Hər matça necə hazırlaşırıqsa, Qətər millisi ilə görüşə də elə hazırlaşırıq. Rəqibin oyununu izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu bizə izah edib".

Metbuat.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Şəhriyar Əliyev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib.

"Keşlə" klubunda çıxış edən 29 yaşlı müdafiəçi sabahkı qarşılaşmada yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "Bu oyun həm də digər futbolçuların oynamaları, təcrübə qazanmaları baxımından yaxşı fürsətdir. Millidə hər mövqedə ciddi rəqabət var. Bu rəqabət müdafiə xəttində xüsusillə fərqlənir. Təbii ki, rəqabət olan yerdə inkişaf olur. Milli komandada oynamaq şərəfdir. Baş məşqçi şans verəcəyi təqdirdə özümü sübut edib, əsas heyətin üzvü olmağa çalışacağam”.

Hücumçu Amil Yunanov Qətərlə görüşə ciddi yanaşdıqlarını vurğulayıb: "Rəqib yaxşı komandadır. Məşqlərdə əsasən taktiki çalışmalara üstünlük veririk. Əsas çatışmazlığımız yaratdığımız imkanlardan yetərincə istifadə edə bilməməyimizdir. Baş məşqçi hücumda nə etməli olduğumuzu deyir. Bir hücumçu kimi həm taktiki, həm də fiziki cəhətdən hazır olmağa çalışıram ki, əsas heyətdə yer alım. Amma etiraf etmək lazımdır ki, hücum xəttində yer alan Mahir Emreli, Əli Qurbani, Ramil Şeydayev kimi futbolçularla rəqabət aparmaq elə də asan deyil. Ona görə istər oyunlarda, istərsə də məşqlərdə maksimum çalışmaq lazımdır ki, rəqabətə tab gətirə biləsən. Oynamaq imkanı əldə edərəmsə, özümü sübut etməyə çalışacağam”.

Yarımmüdafiəçi Xəyal Nəcəfov bu oyunda hər şeyin özlərindən asılı olduğunu söyləyib: "Kollektiv şəkildə təşkilatlansaq, mübarizə aparsaq, nəticə qazanacağıq. Baş məşqçi məşqlərdə hər bir futbolçuya xüsusi diqqət yetirir. Kim daha hazır vəziyyətdədirsə, ona da şans verir. Biz futbolçular əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışırıq. Artıq Millətlər Liqasında Monteneqro yığması ilə oyunda millinin heyətində debüt etmişəm. Təbii ki, bununla kifayətlənmək olmaz. Əsas heyətdə yer almaq üçün əlimdən gələni edirəm”.

"Qarabağ" klubunda çıxış edən və yığmaya ilk dəfə dəvət alan gənc futbolçu Toral Bayramov bunları deyib: "Milli komandaya dəvət almaq, formasını geyinmək hər bir futbolçunun arzusudur. Mən aşağı yaş qrupu üzrə millilərdə də oynamışam. O yığmalarda ab-hava tam fərqli olurdu. Hamısı öz yaş qrupumuza aid, birlikdə futbol oynadığımız uşaqlar idi, hamı biri-birini tanıyırdı, bir qədər sərbəstlik vardı. Əsas millidə isə vəziyyət tam fərqlidir. Hətta ilk günlər A millidə necə qarşılanacağımı, məni nələrin gözlədiyini bilmirdim. Komandada hamı məni çox pozitiv qarşıladı. Sanki daha əvvəllər birlikdə oynamışıq. Bizim kimi gənc oyunçulara fürsət verdiyi üçün Canni De Byaziyə təşəkkürümü bildirirəm. Debüt edəcəyim oyunu səbirsizliklə gözləyirəm. Həyəcanlı olduğumu deyə bilmərəm, ümumiyyətlə, hansısa oyunda həyəcan keçirdiyimi xatırlamıram”.

Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq. / report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR