Bakı, 28 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin 42-ci sessiyası çərçivəsində Küveyt Dövləti Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib. Bu xüsusda, parlamentlərarası əlaqələrin ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsində və möhkəmləndirilməsində rolu qeyd olunub.
Görüşdə, həmçinin Hökumətlərarası Komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumların, iş adamları üçün seminarların keçirilməsinin vacibliyi vurğulanıb.