Şəhid olarkən "qızıma tez-tez baş çəkin" demişdi -

Bu gün Vətən müharibəsində iştirak edərək, şəhidlik zirvəsinə yüksələn Zaur Vaqif oğlu Hüseynovun doğum günüdür.

Metbuat.az Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra, “Vətən uğrunda” medalı ilə təltif edilən qəhrəman zabitimizin həyat yolundan əsas məqamları, diqqətinizə çatdırırıq.

Zaur Vaqif oğlu Hüseynov, 24 iyun 1995-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra, C.Naxçıvanski adına hərbi liseyə qəbul olur.

Daha sonra, 2014-cü ildə liseyi bitirib və həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul edilib. Hərbi Akademiyanı da müvəffəqiyyətlə bitirərək, “N” saylı hərbi hissədə xidmətə başlayır. Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açırlar. Füzuli rayonu, Alxanlı kəndi istiqamətində düşmənin 7 postunun alınmasında iştirak edən leytenant Zaur Hüseynov Tovuz döyüşlərinin də iştirakçısı olub. Ancaq o, döyüşdə iştirak etməyini öz ailəsindən gizli saxlayıb. Vətən müharibəsi başlayan günü anasına zəng edərək deyib ki, təlimə gedir.

Düşmənin 7 postunun alınmasında iştirak edən şəhid leytenant Zaur Hüseynov  - VİDEO

Ancaq qəhrəman zabitimiz Zaur Hüseynov bu dəfə də təlimə deyil, yağı düşməni işğal olunmuş torpaqlarımızdan qovmaq üçün gedibmiş. Füzuli istiqamətində gedən şiddətli döyüşlərin birində Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də qəhrəmancasına şəhid olur.

Qəhrəman igidimiz Zaur Hüseynov doğma kəndində torpağa tapşırılıb. O ailə idi. Şəhidimizin Zeynəb adlı bir qız uşağı bütün Azərbaycana yadigar qaldı.

Şəhid leytenant Masallıda torpağa tapşırıldı - FOTO » Asiya.az Informasiya  Agentliyi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Hişkədərə kəndindən olan Vətən müharibəsinin şəhidi leytenant Hüseynov Zaur Vaqif oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində, Masallının Hişkədərə kəndinin dörd igidi şəhid olub. Allah şəhidlərimizə rəhmət etsin! Vətən sağ olsun!

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR