Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutacaq. Mərkəzi görüşü yüksək liqa təcrübəsi olmayan gənc referi Kamranbəy Rəhimov idarə edəcək. Hazırda Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. 21 xalı olan əyalət təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XII tur

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" isə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. Ötən gün keçirilmiş görüşdə isə "Zirə" səfərdə "Sumqayıt"ı darmadağın edib - 3:0.