Gələn ay Rusiya-NATO Şurasının iclası olacaq

NATO-nun baş katibi Yens Stoltenberq yanvarın 12-də NATO-Rusiya Şurasının (NRC) iclasının çağırılması barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi alyansdakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, NATO bu məsələ ilə bağlı Rusiya ilə əlaqə saxlayır. Bundan əvvəl NATO-nun mətbuat xidməti məlumat vermişdi ki, yanvarın 12-13-də Brüsseldə alyansa üzv dövlətlərin baş qərargah rəisləri səviyyəsində NATO Hərbi Komitəsinin iclası keçiriləcək.

Çərşənbə axşamı alyansın baş katibi bildirib ki, NATO Rusiya Federasiyasına Ukraynadakı vəziyyəti müzakirə etmək üçün 2022-ci ilin əvvəlində Rusiya-NATO Şurasının iclasını keçirməyi təklif edir.

Eyni zamanda o vurğulayıb ki, NATO Ukraynanın öz yolunu seçmək hüququ və alyansa qoşulmaq iddiası, eləcə də NATO dövlətlərinin alyansın qalan hissəsini müdafiə etmək hüququ ilə bağlı Rusiya ilə heç vaxt güzəştə getməyəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü təsdiqləyib ki, Moskva Brüsseldən Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Rusiya-NATO Şurasının çağırılması təklifi alıb.

Qeyd edək ki, NATO-Rusiya Şurası 2002-ci ildə Silvio Berluskoninin başçılıq etdiyi İtaliya hökumətinin vasitəçiliyi ilə razılaşmalar nəticəsində yaradılıb. NRC çərçivəsində Rusiya və NATO-ya üzv olan bütün ölkələr bərabərhüquqlu tərəfdaşlar kimi təqdim olunur, qərarlar konsensusla qəbul edilir. Sonuncu dəfə bu formatda görüş 2019-cu ilin iyulunda keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR