Mahir Emreli: “Azarkeşlərin hücumunda mənə qaranlıq qalan məqamlar oldu”

"Düzü, mənə də qaranlıq qalan məqamlar oldu. Klubumun bu haqda ətraflı məlumat verməsi daha doğru olardı".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin "Legiya"da çıxış edən futbolçusu Mahir Emreli Apasport saytına müsahibəsində deyib:

"Uğursuzluqlar olanda, əlbəttə ki, azarkeşlərin narazılığı qaçılmazdır".

Emreli bir müddət bundan öncə Polşa mətbuatında onunla bağlı yazılan iddialara da aydınlıq gətirib:

"Gecə klubu məsələsinə fikir bildirmək istəyirəm. Jurnalist, futbolçu, biznesmen və ya süpürgəçi ola bilərsən. Önəmli olan insanlıqdır. Yəqin ki, onu yazan jurnalist olub. Bir insanın qəlbində nə qədər pislik, kin olmalıdır və ya səni gözü götürməməlidir ki, belə xəbər yaysın. Yayılan həmin şəkil Avropa Liqasının pley-off mərhələsində “Slaviya” ilə birinci oyunda çəkilib. Həmin matç da avqustun 19-da olub. Elədirsə, niyə demirlər ki, Mahir “Legiya”ya getdikdən qısa müddət sonra “Slaviya” ilə oyunlarda 3 qol vurdu, komandanın qrupa düşməsində rolu oldu? “Legiya” turnir cədvəlinin 17-ci pilləsinə düşdükdə Mahirin dörd ay əvvəl gedib istirahət eləməyi yada düşür, problemə çevrilir? Qəribə gəlir. Bilirsiz, Varşavada ailəm yanımda olanda şəhərə çox çıxmıram. Onlar olmadıqda restorana gedirəm. Başa düşmürəm, yemək yeməməliyəm? Səhər məşq olur, naharımı bazada edirəm. Axı axşam da nəsə yemək üçün harasa çıxmalıyam. Özüm yemək bişirə bilmirəm. Varşava da böyük şəhərdir, tıxaclar olur. Bəzən gedib restoranda uzun müddət otururuq, amma saat 12-dən sonraya qalmırıq. Son 3-4 ayda da harasa çıxdığımı xatırlamıram. Yalnız “Lester”lə sentyabrdakı matçdan sonra şəhərə çıxdığımı yadımdadır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR