"Vətəndaşlar amnistiyanın humanistliyindən düzgün nəticə çıxarmalıdır" -

Uzun illərdən bəri tarixi torpaqlarımız erməni qəsbkarlarının işğalı altında qalmışdı. İşğaldakı ərazilərimizin sülh yolu geri qaytarılması üçün Birləşmiş Millətlər Təşkilatı dörd qətnamə qəbul etmişdi. Bundan əlavə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmamaq Hərakatı Dövlətləri və bir sıra nüfuzlu beynəlxalq qurumlar da erməni işğalını pisləyən qərarlar vermişdilər. Təəssüflər olsun ki, havadarlarına arxalanan ermənlər bu cür nüfuzlu beynəlxalq təşkilat və qurumların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur, müxtəlif bəhanələr gətirərək torpaqlarımızı sülh yolu ilə azad etməkdən boyun qaçırırdılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev münaqişənin qan tökülmədən, sülh yolu ilə həll olunmasının tərəfdarı idi. Ölkə başçısı bu ali məqsədinə çatmaq üçün bütün imkan və vasitələrdən istifadə edirdi. Konstruktiv mövqedən uzaq olan Emənistan rəhbərliyi hətta ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da iştirakdan boyun qaçırırdı. Son vaxtlar isə ermənilər işğalda saxladıqları torpaqlarımızı sülh yolu ilə azad etmək əvəzinə, müxtəlif səviyyələrdə yeni ərazilərimizi ələ keçirəcəklərini bəyan edirdilər. Sülhə hesablanmamış bu bəyənatlar isə müharibənin qaçılmaz olduğu ehtimalını önə çəkirdi.

Bu cür sərsəm bəyənatlardan sonrakı günlərdə yaşanan hadisələr müharibənin qaçılmaz olduğu ehtimalını daha da artırdı. İpə-sapa yatmayan Ermənistan rəhbərliyi sülh danışıqları masası arxasında oturmaq istəmirdi. Danışıqlar prosesini uzatmaqla beynəlxalq vəziyyəti öz xeyrinə dəyişməyə can atırdı. Ermənilərin 12 iyul 2020-ci ildə Tovuz istiqamətində törətdiyi təxribat xarakterli hadisələr, atəşkəs rejiminin pozulması illərdən bəri davam edən münaqişənin danışıqlar yolu ilə həll olunmasına olan inamı kökündən sarsıtdı. 27 sentyabr 2020-ci ildə isə ermənilər yeni ərazilərimizi zəbt etmək məqsədilə mövqelərimiz üzərinə hücum etdilər. Qəsbkarların təxribatı nəticəsində Vətən müharibəsi başlandı. Uzun illər susmuş silahlardan atəş açıldı. Düşmən hücumlarının qarşısının alınması üçün Azərbaycan Ordusunun şəxsi heyəti əks-həmlə əməliyyatları həyata keçirtdi. Ürəyi Vətən eşqi ilə döyünən zabit və əsgərlərimiz döyüşlərə cəsarətlə atıldılar. Günlər keçdikcə 28 ildən bəri erməni işğalçılarının tapdağı altında qalmış torpaqlarımızın azadlığı uğrunda döyüşlər daha da qızışdı. Azərbaycan Ordusunun hərbçilərinin qəhrəmanlığı sayəsində torpaqlarımız addım-addım düşmənlərdən azad olunurdu. Hər gün cəbhələrdən xoş xəbərlər alırdıq. Müzəffər Ali Baş Komandan müntəzəm olaraq televiziya vasitəsilə canlı olaraq xalqa müraciət edir, cəbhədəki ən son məlumatları tamaşaçılara çatdırırdı. Ordumuz yağıları geri sıxışdıra-sıxışdıra dayanmadan irəliləyərdi. Ağır itkilər verən ermənilər mövqelərini tərk edib qaçırdılar. Hər gün qəsəbə və kəndlərimiz düşmənlərdən azad olunurdu.

27 sentyabr 2020-ci ildə erməni qəsbkarlarının təxribatı nəticəsində başlanan Vətən müharibəsi noyabr ayının 10-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycan Orsusunun şanlı qələbəsi ilə başa çatdı. Döyüşlərin davam etdiyi günlərdə zabit və əsgərlərimiz qəhrəmanlıqları ilə xalqımıza böyük sevinc yaşatdılar. 44 gün davam edən İkinci Qarabağ müharibəsində 28 ildən çox düşmən tapdağında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa və başqa bölgələrimiz işğaldan azad olundu. Uzun illərdən sonra Azərbaycanın üçrəngli bayrağı tarixi ərazilərimizdə dalğalandı.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsinin başladığı gün – 27 sentyabr Anım Günü, 8 noyabr mədəniyyət beşiyimiz olan Şuşanın azad olunduğu gün isə Zəfər Günü elan olundu.

Artıq Zəfər Günündən bir il keçdi. Xalqımız bu müqəddəs və qürur dolu bayramı böyük sevinc içində qeyd etdi. Zəfər Günü böyük atəşfəşanlıqla keçirildi, xoş təəssüratlarla yadda qaldı. Zəfər Gününü yaddaqalan edən amillərdən biri də İkinci Qarabağ müharibəsinin birinci ildönümü ərəfəsində ordumuzun qazandığı bu möhtəşəm Qələbənin baş memarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında”Qərarın qəbul edilməsi oldu. Xalqımız amnistiya Qərarını sevinclə qarşıladı. Çünki bu Qərarla йцзлярля insan cəzasının hamısını çəkmədən həbsxanadan çıxıb doğmalarına qovuşacaq.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətimizin siyasətində humanizm prinsipləri həmişə ön sırada dayanıb. İnsanların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə buistiqamətdə daim bir-birindən uğurlu islahatlar həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın böyük dəstəyi ilə ölkə başçısı seçiləndən sonra ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu bu ənənələri uğurla davam etdirdi. İnsanlara qarşı həmişə humanizm və mərhəməti özündə əks etdirən mövqe nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisin 8 Noyabr – Zəfər Günü ilə bağlı qəbul etdiyi amnistiya haqqında Qərar dediklərimizin ən bariz nümunəsidir.

Ölkəmizin müstəqilliyi dövründə 12 dəfə amnistiya aktı qəbul olunub. Bu amnistiyalar 100 mindən çox şəxsi əhatə edib. Zəfər Günü ilə əlaqədar qəbul edilmiş amnistiya aktının əvvəlkilərdən fərqi onun tətbiq darəsinin genişliyindədir. Dörd ay ərzində icra olunacaq bu amnistiyanın 15 min nəfərdən çox insanaşamil olunacağı gözlənilir.

Amnistiya aktının tətbiqi prokurorluq, həmçinin hərbi prokurorluq orqanları tərəfindən uğurla icra olunur. İşlərin daha da operativ şəkildə aparılması istiqamətində vaxtında və zəruri addımlar atılır. Hərbi prokurorluq işçilərinin üzərinə düşən vəzifələrini vaxtında və ləyaqincə yerinə yetirilmələrini Azərbaycan Respublikası Baş prokuronunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev daim gündəlik diqqətində saxlayır.

Oxuculara onu da xatırladım ki, amnistiya Qərarı qəbul olunduğu gündən qüvvəyə minir. Bu Qərarın 1-7-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslərə tətbiq edilir. Göründüyü kimi, amnistiyanın şamil olunacağı dairə çox genişdir. Sual oluna bilər ki, bunlar kimlərdir? Bunlar əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin qohumlarıdır. Bundan əlavə, amnistiya Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda gedən digər döyüş əməliyyatlarında iştirakla ələqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmiş vətəndaşlara da şamil ediləcək. Qeyd etdiyimiz kimi bu amnistiya ən böyük amnistiyalardan biri olduğuna görə onun əhatə dairəsi də olduqca genişdir. Bu amnistiya erməni qəsbkarları tərəfindən 1992-ci ildə törədilmiş Xocalı soyqırımında, həmçinin keçmiş ittifaqın ordusu tərəfindən 1990-cı ildə törədilmiş 20 Yanvar faciəsində əlil olmuş şəxslərə, həmçinin həlak olmuş vətəndaşların yaxın qohumlarına da şamil ediləcəkdir.

Böyük humanizm prinsiplərinə əsaslanan bu amnistiya həmçinin Böyük Vətən müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhələrdə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, eləcə də bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif edilmiş şəxslərə də şamil ediləcək. Bundan əlavə, bu amnistiya Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslər və onlara himayəçilik edənlər illərdən bəri arzusunda olduqları azadlığa qovuşduracaq.

Amnistiyanın bir özəlliyi də odur ki, icraatda olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə Qərarın 1.1-1, 16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət tətbiqinə xitam verilir və ya həmin şəxslərə təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılır. Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin əməkdaşları amnistiya aktının tətbiqi məqsədi ilə müxtəlif rayonlarda yerləşən hərbi məhkəmələrin icraatında olan işlərə xitam verilməsi prosesində iştirak ediblər. Statistika göstərir ki, amnistiya daha çox döyüş əməliyyatları gedən ərazilərin yaxınlığında yerləşən hərbi məhkəmələrdə – Tərtər, Füzuli, Gəncə və başqa hərbi məhkəmələrdə tətbiq olunub. Amnistiya əsasən sabiq hərbçilərə aidiyyatı maddələr üzrə tətbiq edilmişdir. Amnistiya tətbiq edilmiş bu hərbçilərin əksəriyyəti Vətən müharibəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və müəyyən orden və medallara layiq görülmüşlər. Bundan başqa, hərbi məhkəmələrin müvafiq qərarları ilə böyük ictimai təhlükə törətməyən şəxslərə də amnistiya tətbiq edilmişdir. Ümumiyyətlə, noyabr ayı ərzində 50 nəfərə amnistiya tətbiq edilmişdir. Onlardan 28 nəfəri böyük ictimai təhlükə törətməyən, 22 nəfəri isə az ağır cinayət törətmiş şəxslərdir.

Qəbul edilmiş amnistiyanın bir sıra məhdudiyyətləri də var. 24 fevral 1994-cü il tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Amnistiya tətbiq edilməyən şəxslər əsasən rəisə qarşı zorakı hərəkətlər edənlər, həmçinin, tabeleyindəki hərbi qulluqçulara qarşı zorakı hərəkətlər edənlər, hərbi hissəni özbaşına tərk edənlər, o cümlədən dövlət əmlakını qəsdən məhv edənlər, zədə vuranlardır. Bundan başqa, təhlükəli və ya xüsusi təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunan şəxslər, 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əhvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş və başqa qəsdən cəza törətmiş şəxslərə amnistiya tətbiq edilməsi nəzərdə tutulmayıb.

Amnistiya aktı prokurorluq, həmçinin hərbi prokurorluq əməkdaşlarının qarşısında çox mühüm vəzifələr qoyur. Baçlıca vəzifəmiz təyin olunan vaxta qədər amnistiya Qərarını yüksək səviyyədə yerinə yetirməkdir. Öz peşələrini mükəmməl bilən hərbi prokurorluq əməkdaşları amnistiya Qərarını yüksək peşəkarlıqla icra edəcəklər. Üzərlərinə düşən vəzifə və tapşırıqların öhdəsindən bacarıqla gələcəklər.

Amnistiya aktı dövlətin vətəndaşlarına törətdiyi cəzasını sonadək çəkməmək üçün atdığı çox humanist bir güzəştidir. Dövlət vətəndaşına qarşı böyük humanistlik göstərərək onu cəzasının çəkilməmiş hissəsində azad edir. Gərək Azərbaycan Respublikasının vətəndaşları da dövlətin Qərar və Qanunlarına hörmətlə yanaşsın, heç vaxt cinayət törətməsin. Dövlətin göstərdiyi bu humanistlikdən düzgün nəticə çıxarsın. Ümid edirik ki, bu, belə də olacaq.

Ədliyyə polkovniki,

Səfər Əhmədov,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun

Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin rəisi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR