Culfa, 30 may, Rauf Əliyev, AZƏRTAC
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sistemi insan hüquqlarının qorunması, sosial müdafiə proqramlarının həyata keçirilməsi, ailə sağlamlığının təmin edilməsi və cəmiyyətdə mövcud olan bir çox digər mühüm hüquqi və sosial proseslərdə vacib rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələbləri ilə bağlı Culfa rayonunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev səsləndirib.
Ədliyyə naziri bildirib ki, Ulu Öndərimizin 2002-ci il iyulun 31-də imzaladığı Fərmana əsasən, rayon mərkəzindən kənarda yerləşən qəsəbə və kənd sakinləri üçün daha münasib şəraitin yaradılması məqsədilə nikahın, doğumun və ölümün dövlət qeydiyyatı rayon (şəhər) qeydiyyat şöbələri ilə yanaşı, həm də inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılmasını, qanunvericiliyin tələblərinə uyğunluğunu öyrənmək məqsədilə mütəmadi olaraq nazirlik tərəfindən icra hakimiyyətləri ilə birlikdə yoxlamalar həyata keçirilir.
“Bu yoxlamalar zamanı aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, şəhər və rayon icra hakimiyyətləri məlumatlandırılırlar”, - deyən nazir vurğulayıb ki, qeydiyyat və notariat sahəsində aparılan əməliyyatlar zamanı qanunvericiliyin tələblərinə əməl olunması, əhaliyə bu sahədə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, nöqsanlara yol verilməməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Qeyd edilib ki, Culfa rayonunda 19 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən doğumun, nikahın, ölümün qeydiyyatı və bir sıra notariat hərəkətləri rəsmiləşdirilir. 2009-2014-cü illər ərzində rayonun belə qurumları üçün 16 seminar təşkil olunub və bu seminarlarda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı söhbətlər aparılıb.
İştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsinin və müzakirələrin aparıldığı tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev rayonda dövlət qurumları üçün yaradılan müasir şəraitin müqabilində inzibati ərazi dairəsi üzrə nümayəndələrdən nümunəvi iş tələb olunduğunu bildirib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl edilməsinə xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulayıb.