Azərbaycanda İLK:

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlayıb.

Metbuat.az xəbər verir ki, yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.

Mobil tətbiq vasitəsilə işləyən SİMA-nı mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.

Üztanıma, "açıq açar" və bulud texnologiyalarını özündə birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır.

Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.

Qeyd edək ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

Beləliklə, biometrik identifikasiyanın köməyi ilə e-imza məlumatları daim istifadəçinin yanında olacaq, rəqəmsal imza daşıyıcısına ehtiyac qalmayacaq.

Qeyd edək ki, bulud texnologiyası əsasında elektron imza vətəndaşlar üçün pulsuz olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR