Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı keçirdiyi əməliyyat zamanı yeni taktikanın tətbiq edildiyi açıqlanıb. Ukrayna hərbçiləri sovet dövründən qalma zirehli texnikaları pilotsuz idarə olunan partlayıcı vasitələrə çevirərək Rusiya mövqelərinə qarşı istifadə ediblər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat “Vivaldi” adlandırılıb. Ukraynanın 3-cü Ordu Korpusunun həyata keçirdiyi hücum nəticəsində təxminən 250 rus hərbçisinin əsir götürüldüyü bildirilib.
Əməliyyat zamanı sovet istehsalı BTR-60 tipli zirehli transportyorlardan istifadə olunub. İnsan iştirakı olmadan idarə edilən bu texnikalar partlayıcılarla təchiz edilərək Rusiya ordusunun möhkəmləndirilmiş mövqelərinə göndərilib.
Ukraynalı general Andrey Biletski bildirib ki, “zombi maşınlar” Rusiya ordusunun ən güclü müdafiə xətlərinə hücum məqsədilə istifadə edilib. Hücum nəticəsində Rusiya bölmələrinin bir hissəsinin, o cümlədən zabitlərin, artilleriyaçıların və pilotsuz uçuş aparatlarını idarə edən hərbçilərin təslim olduğu qeyd edilib.
Ukrayna tərəfi əməliyyat zamanı təxminən 2 min rus hərbçisinin öldürüldüyünü və ya yaralandığını da iddia edib. Həmçinin bir neçə yaşayış məntəqəsinə nəzarətin bərpa edildiyi açıqlanıb.
Məlumata görə, “zombi maşınlar”ın əsas üstünlüyü hərbçilərin həyatını riskə atmadan təhlükəli mövqelərə göndərilə bilməsidir. Ukraynalı mühəndislər adi zirehli texnikaların pilotsuz sistemlərə çevrilməsinin daha sürətli həyata keçirildiyini və bu vasitələrin daha çox yük daşıya bildiyini bildirirlər.
General Biletski Ukraynanın bu istiqamətdə işləri uzun müddətdir davam etdirdiyini açıqlayıb. O, keçirilən əməliyyatı dörd hissədən ibarət “serialın üçüncü mövsümü”nə bənzədib və qarşıdakı dövrdə oxşar hücumların davam etdirilə biləcəyinə işarə edib.