ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr. rusiyalı biznesmen Umar Kremlevin onun toyundan sonra keçirilən şənliklərə xərclədiyi pulu geri qaytarıb.
Metbuat.az xəbər verir ki, Kremlev bu barədə çərşənbə axşamı İstanbulda jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Tramp Jr. ödənişi geri edib, lakin biznesmen bunun səbəbini anlamadığını deyib:
“O, pulu geri qaytardı. Amma bunun niyə baş verdiyini anlamadım, çünki mən bunu hansısa xüsusi hədiyyə hesab etmirəm”.
Kremlev qeyd edib ki, Donald Tramp Jr.-ın toy mərasimində iştirak etməyib, lakin toyla bağlı digər tədbirlərdə ortaq dostları ilə birlikdə olub.
Məsələ sentyabr ayında ABŞ mətbuatında gündəmə gəlib. Araşdırmalara görə, Kremlev Donald Tramp Jr. və Bettina Andersonun may ayında Baham adalarında keçirilən toyundan sonra təşkil olunan iki günlük şənliklərin xərclərini qarşılayıb. Söhbət yüz minlərlə dollarlıq xərclərdən, o cümlədən özəl adanın icarəsi və atəşfəşanlıqdan gedir.
Bettina Trump Kremlevi “ailənin yaxın dostu” adlandıraraq onun tədbirləri toy mərasimindən sonra təşkil etdiyini və bunu “toy hədiyyəsi” kimi təqdim etdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl oğlunun Kremlevə pulu geri qaytaracağını ona dediyini açıqlamışdı. Lakin ABC News həmin vaxt ödənişin həyata keçirildiyini təsdiqləyən sənədin təqdim olunmadığını bildirmişdi.