Litva Prezidenti xanımı ilə İçərişəhəri gəzdi

Azərbaycanda rəsmi səfərdə olan Litva Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene mayın 18-də İçərişəhərlə tanış olublar.

Metbuat.az xəbərinə görə, əvvəlcə qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da onlarda böyük maraq doğurub.

Kiçik Qala küçəsi ilə gəzinti zamanı qonaqlar isti təndir çörəyinə qonaq ediliblər.

Daha sonra qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olublar.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin "Dastan" brendi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Gəzinti zamanı qonaqlar “Brilyant əl” bədii filminin məşhur epizodlarından birinin çəkildiyi küçə ilə də tanış olublar.

Ali qonağa xatirə hədiyyələri təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR