Deputatlar bu yay harada dincələcəklər? -

İyul ayının 15-dən etibarən Milli Məclisin deputatları tətilə çıxır. Onların tətil müddəti nizamnaməyə əsasən avqustun 30-dək davam edəcək. Bəs maraqlıdır deputatlar bu yay istirahətini ölkə daxilində yoxsa xaricdə keçirməyi düşünürlər?

Mövzu ilə bağlı Metbuat.az bir neçə deputat arasında sorğu keçirib.

Deputat Azər Badamov bildirdi ki, o istirahət üçün Azərbaycanın dilbər guşəsi olan Qusarda olmağı planlaşdırır.


“Yay aylarda ölkə daxilində olacağam. Azərbaycanın gəzməli, görməli, yerləri çoxdur. Əgər vaxtım imkan versə ölkəmizin digər rayonlarına da səfər etməyə çalışacağam.”

Millət vəkili Zahid Oruc da yay tətilini ölkə daxilində keçirəcək.

“Bildiyiniz kimi, Sosial Tədqiqat Mərkəzi cəmiyyətlə işləyən bir qurum olduğundan ictimai rəyi davamlı şəkildə öyrənir. Bizim mütləq şəkildə, adekvat olaraq baş verən hadisələrə, prosesslərə sorğu alətləri vasitəsi ilə cəmiyyətin səsini çatdırmaq kimi vəzifəmiz var. Bu mənada işimizin çoxluğu istirahət ilə bağlı konkret vaxt təyin etmək imkanı vermir. Düşünürəm ki, avqust ayının son on günlüyündə elə ölkə daxilində, Azərbaycanın sakit guşələrindən birində dincələcəyəm”.

Deputat Cavanşir Paşazadə bu yay tətilini ölkə daxilində - Cənub bölgəsində keçirəcək.


“Mən də bu yay tətilimi ailəm və nəvələrim ilə birlikdə keçirməyi düşünürəm. İstirahətim müddətində həm də seçicilərim ilə görüşlər keçirəcəyəm. Pandemiya müddətində biz kimdən soruşurduqsa əksəriyyət yay tətilini ölkədə keçirdiyini deyirdi. Ümumiyyətlə Azərbaycanın turizm potensialı çox yaxşıdır. Amma bir qədər qiymətlərin baha olması insanları istirahət etməkdən uzaqlaşdırır. Yaxşı olardı qiymətlər münasib olsun. Bu zaman hər kəs büdcəsi daxilində rahat istirahət edə bilər. Xüsusən də şəhid ailələrinin ailələrinə və övladlarına güzəştli şərtlərlə istirahət etmək imkanı yaradılmağı daha məqsədəuyğun olardı. Bu onların qarşısında bizim borcumuzdur”.

Millət vəkili Cavid Osmanov isə sorğumuza cavab olaraq bildirdi ki, o bu yay tətilində doğulub boya-başa çatdığı Ağdaş rayonunda dincələcək.


“Bildiyiniz kimi, iyul ayının 15-dən məzuniyyət başlayır və bu müddətdə əsasən ölkə daxilində olacağam. Millət vəkili seçildiyim doğma Ağdaş rayonunda seçicilərim ilə görüşlər keçirib, eyni zamanda şəhid ailələrinin üzvləri və qazilərimiz ilə də söhbət edib, onların qayğıları ilə maraqlanacağam. Əgər bir qədər vaxt qalarsa ölkəmizin digər bölgələrinə də istirahət üçün getmək mümkün ola bilər”.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə seçilən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyev isə bildirdi ki, onun hələki istirahət ilə bağlı dəqiq bir fikri yoxdur.


“2022-ci ilin yaz sessiyası yeni bitib. Amma əlavə iclaslar da gözlənilirdi. Bu yay mövsümündə həm Tovuzda, həm də Gədəbəydə seçicilərimlə bir sıra görüşlər keçirmək istəyirəm. Lakin yay istirahətini harada keçirmək ilə bağlı hələki qərar qəbul etməmişəm. Bizim gözəl təbiətimiz var. Dağlarımız çox sərindir. Yəqin ki, elə öz ərazimizdə, Tovuzda, Gədəbəydə dincələrəm. Amma istirahət ilə bağlı başqa bir ciddi qərarım yoxdur”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR