İmişlidə 44 km ümumi uzunluğa malik yollar yenidən qurulur -

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolunu yenidən qurur.

Metbuat.az bu barədə Agentliyə istinadən xəbər verir.

Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi bu yollar ümumi uzunluğu 43.5 km olmaqla IV teniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.

Torpaq əsaslı sözügedən yollar uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.

Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Hazırda bu hissədə torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılır. Ardıcıllığa uyğun olaraq daha sonra yol yatağının, yol əsasının alt və üst layının tikintisi, yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.

Görüləcək işlər çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub.

Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR