Şəhid hərbi həkim Gültəkin Əsgərovanın anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, hərbi həkim Gültəkin Əsgərovanın anım günüdür.

Metbuat.az xatırladır ki, G.Əsgərova 1960-ci il noyabrın 20-də Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman cəbhəyə yardım etməyə gedib.

O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 5 tibb bacısı ilə birgə könüllü olaraq döyüşlərdə iştirak edib.

1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub. Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.

O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayıb. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılıb. Bura yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidib. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxıb. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 19 iyul 1992-ci ildə şəhid olub.

Şəkilin açıqlaması yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR