Son hesabat dövründə kasetli silahlardan 360 nəfərin zərərçəkdiyi rəsmi qeydə alınıb. Zərərçəkənlərin hamısı mülki şəxslərdir ki, onların da 44%-ni uşaqlar təşkil edir. Ən çox qurbanlar Suriyada qeydə alınıb (182 nəfər) və Azərbaycanda (107 nəfər) qeydə alınıb.

Metbuat.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyindən verilən xəbərə görə, 2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan “Smerç” reaktiv yaylım atəş sistemindən atılan kasetli mərmilərdən istifadə edib.

28 Oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinə atılmış mərmi 9N235 tipli subsursatla təmin edilmiş kasetli raket olub ki, bunun da nəticəsində 21 nəfər həlak olub və 70 nəfər yaralanıb. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Qızılhacılı (3 oktyabr 2020), Tapqaraqoyunlu (23 oktyabr 2020), Kəbirli (24 oktyabr 2020) və Qarayusifli (27 oktyabr 2020) kəndlərinə də kasetli mərmilərin atılması sübut olunub.

Bütün bu hücumlar nəticəsində ilkin məlumatlara görə 107 nəfər həlak olmuş və yaralanıb.

Qeyd edək ki, 3 Dekabr 2008-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının “Kasetli Silahlara dair Konvensiya”sı Oslo (Norveç) şəhərində imzalanıb. 1 Avqust 2010-cu il tarixdən qüvvəyə minmiş bu Konvensiyanı hal-hazırda 123 ölkə imzalayıb ki, onlardan da 110 ölkə ratifikasiya prosesini başa çatdırıb. Konvensiyaya üzv dövlətlər 10 il ərzində nəzarətində olan ərazidəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir.

Bu Konvensiya qüvvəyə mindikdən sonra 17 dövlət kasetli silahlar istehsal etməkdən, onlarla dövlət isə bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib.

Konvensiyaya üzv ölkələr ehtiyatlarında olan kasetli silahların 99% məhv edib. Konvensiya qüvvəyə mindikdən sonra dövlətlərin ehtiyatında olan 1.5 milyon kasetli silahların 178 milyon subsursatı məhv edilmişdir. 63.4 km2 ərazisi təmizlənib.

Ermənistanla olan münaqişə səbəbindən Azərbaycan bu konvensiyaya qoşula bilmir. Konvensiyaya üzv dövlətlərin 2-ci İcmal Konfransında Azərbaycan rəsmi şəkildə bildirib ki, Dağlıq Qarabağda kasetli silahlardan istifadə etməyib və “ən qəti şəkildə kasetli silahlardan istifadə olunmasını qınayır”. 2015-ci ildən başlayaraq hər il Azərbaycan BMT Baş Assambleyasının bu Konvensiyaya aid qətnaməsinə müsbət səs verir. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.