22 yaşlı gəncə təcili ürək köçürülməlidir: Müalicə dövlət hesabına mümkündür? - AÇIQLAMA

Ölkədə hər xəstənin əməliyyatı və ya hər xəstəliyin müalicəsi üçün tam şərait yoxdur. Elə xəstələr var ki, onların müalicəsi sadəcə ölkə xaricində baş tuta bilər. Belə olan halda isə vətəndaşın daha çox pula ehtiyacı olur.

Bəs müalicə üçün qoyulan vəsaiti qarşılamağa vətəndaşın gücü çatmayanda ona hansı qurum yardım edə bilər?

Metbuat.az məsələni qaynar xəttimizə daxil olan müraciət əsasında araşdırdıq. Saytımıza müraciət edən valideyn bildirir ki, oğlu - 22 yaşlı Abdurreyimov Cabbar anadangəlmə ürək qüsurundən əziyyət çəkir. Həkimlərin diaqnozuna görə, Cabbara qısa zamanda ürək köçürülməlidir, özü də Almaniyada. Ölkə xaricində həyata keçirilməli olan əməliyyat üçün isə 200.000 manat məbləğ tələb olunur.

Əslən Şamaxı rayonunun Dağ Bağırlı kəndindən olan Faiq bəy deyir ki, ailədə 5 nəfərdilər. Hazırda Bakıda yaşayan ailə sahibinin fəhləlik edərək qazandığı gündəlik qazancı heç ailəsini dolandırmağa belə yetmir. Cabbardan başqa, Faiq bəyin daha 2 oğul övladı da var.

Cabbar bütün müayinələrdən keçib. Sağalması üçün ürək transplantasiyasının olması vacibdir. Atası Faiq bəy deyir ki, onun vəziyyəti gündən-günə ağırlaşır. Əməliyyat qısa zamanda baş tutmalıdır.

Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edən Faiq bəy müsbət cavab ala bilməyib. Belə ki, Agentlik ürək transplantasiyasının Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli qərarı ilə təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər zərfinə" daxil edilmədiyini qeyd edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərsək də, cavab eyni oldu:

"Məlumat üçün bildirək ki, hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir. Bu xidmətlər içərisində ürək transplantasiyası təminata alınmayıb.

Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb".

Səhiyyə Nazirliyindən isə bildirildi ki, vətəndaşların xaricdə müalicə ilə bağlı yalnız Türkiyə Səhiyyə Nazirliyi ilə ikili anlaşma memorandumu var. Lakin ürək transplantasiyası əməliyyatı bu memorandumda nəzərdə tutulmayıb.

Deyəsən, yazının əvvəlində qoyduğumuz suala tək cavab var. Bu halda çarəsiz qalan vətəndaşın da umacağı yer xalqdır. Kart Cabbarın atası Faiq bəyə məxsusdur. Faiq bəy imkanı olan şəxslərdən oğlunun əməliyyatı üçün yardım istəyir:
Faiq bəyin əlaqə nömrəsi: 050 791 15 23


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR