Xalq arasında ən çox "Moşu" obrazıyla tanınan Xalq artisti, aktyor Valeh Kərimov teatrdakı fəaliyyətindən, şəxsi həyatından, gec evlənməyindən bəhs edib.
Metbuat.az xəbər verir ki, aktyor bu barədə “Üzə-düz” proqramında danışıb.
O qeyd edib ki, aktyor olduğu üçün həyat yoldaşını ona verməkdə tərəddüt ediblər:
“Hamı bu sənəti qəbul etmirdi. Qayınatam taksi sürücüsü idi. Qətiyyən qəbul etmirdi bu sənəti. Dedilər oğlan rejissordur. Dedi o lap pisdir. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Bax, belə bir hadisə olmuşdu. Güc bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istədi. Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim. Övladlarımla yaşayıram, mənə çox yaxşı baxırlar”.
Aktyor, həmçinin ikinci dəfə evlənməyin tərəfdarı olmadığını söyləyib:
“Teatrda bir rolu iki aktyor oynayır. İkinciyə “dublyor” əvəzedici deyirlər. Mən ikinci arvada “dublyor” kimi baxıram. O, nə məni, nə də övladlarımı ürəkdən sevə biləcək. Ona görə də dedim ki, lazım deyil. Uşaqlarıma desə ki, bunu belə yox, belə qoy, biləcəm evdə hegemonluq edir”.