Yayın bir çox unikal imkanlarından biri də insanlara rahat səyahət etməyə şərait yaratmasıdır. Hətta ən hündür dağ zirvəsinə belə yay aylarında çıxıb orada dincəlmək qış fəslindən daha rahat və təhlükəsiz ola bilər. Məhz bu səbəbdən irəli gələrək hər il regionumuzu gəzib, vətənin gözəlliklərini canlı görmək üçün şəxsimə imkan yaradıram. Bu dəfə isə səfalı bölgələrimizdən olan İsmayıllı rayonunun Basqal qəsəbəsinə gedib orada bir zamanlar var olan tarixin qoxusunu ciyərlərimizə çəkmək istədim...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 12-də Basqala etdiyi səfərdən sonra bu bölgə diqqətimi daha çox çəkməyə başladı. Ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə dost və tanışların Basqalın gözəlliklərini əks etdirən fotolar paylaşması da bu istəyə bir qədər duz-bibər kimi oldu desəm, yanılmaram.
Nəhayət, biz də hazırlaşıb dan yeri ağarmamışdan öncə İsmayıllıya – Basqala doğru yola düşdük...
Basqalda köhnə bir ev...
Öncədən qeyd edim ki, buranın insanları çox istiqanlı və gülərüzdürlər. Biz Basqala çatanda səhər açılmışdı, saat isə təqribən səkkizi keçirdi. Kiçik meydanı xatırladan ərazi sanki İçərişəhərə bənzəyirdi. Avtomobili qəsəbənin meydanında parklayıb, ətrafı gəzintiyə çıxmağa başladıq. Amma biz bilmirdik ki, bu kiçik qəsəbəyə səyahətimizi necə başlayaq. Elə bu anda qəsəbənin yerlisi olmadığımızın fərqinə varan çayxanada həmyaşıdları ilə səhər çayı içən orta yaşlı yerli sakinlərdən biri yaxınlaşıb bizimlə hal-əhval tutdu:
- Sabahınız xeyir, xoş gəlmisiniz.
- Sizin də sabahınız xeyir olsun, xoş gördük.
- Deyəsən turistsiniz, haradan gəlmisiniz?
- Biz Bakıdan gəlmişik, buranı gəzib-görmək istəyirik.
- Lap yaxşı, buraları hələ tam təmir etməyiblər, amma gəziləsi yerləri çoxdur. Yaxşı olardı ki, gəlin bu köhnə evi görməklə gəzintiyə başlayasınız – deyib bizi palçıqdan suvanmış bir daxmaya apardı.
Mən içəri daxil olan zaman elə ilk təəssüratdan bu daxmanı nənə evinə bənzətdim. İç-içə iki otaqdan ibarət olan evin qoxusu da keçmişi xatırladırdı. Divara düz rəngli xəttləri olan palaz vurulmuşdu. Döşəməyə isə bir neçə fərqli rəng və formada olan xalçalar döşənmişdi. Divarda taxça var idi. Adətən qədim evlərdə bu tip taxçalara qab-qacaq düzərdilər. Bu evdə isə bu divarın içərisində düzəldilən yer taxçadan daha çox qapağı olmayan dolabı xatırladırdı. Evin bir küncündə nənəmin sandığından var idi. Qara, ağır, qıfıllı bir sandıq idi. Onun da üzərində divardakı palazı xatırladan bir örtük var idi. Evin girişində stol-stul qoyulmuşdu. Otağın pəncərələrinin önü isə çox da qədim olmayan qab-qacaqlarla bəzədilmişdi. Doğrusu bu ev mənə keçmişi xatırlatsa da, yanımda olan övladım üçün maraqsız idi. Çünkü onun keçmişlə bağlı olan belə bir xatirəsi yox idi...
Basqalın tarixi...
Bir az Basqalın tarixi barədə məlumat vermək, əlbəttə, oxucu üçün də maraqlı ola bilər. Tarixçilərin fikirlərinə görə, Basqalın ərazisi qədim Alban dövlətinə mənsub olub. 3 min ilə yaxın yaşı olan qəsəbənin adı “qala qur”, ”qala ucalt”, ”baş qala” mənasını ifadə edir. Bu ulu ad qədim türkdilli Basil tayfa birləşməsini yada salır. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. 1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektardır. Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
XVII əsrə aid memarlıq abidəsi olan Basqal hamamı klassik Şәrq memarlıq üslubunda inşa edilib. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Basqal hamamı yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inv.4466) dövlət mühafizəsinə götürülüb. Dövlət Turizm Agentliyinin sifarişi ilə 2021-ci ildə tarixi materiallar və arxiv sənədləri əsasında bərpa olunmuş bu abidədə Azərbaycan ərazisində orta əsrlərdə mövcud olmuş hamamların işləmə prinsipi nümayiş etdirilir.
Şeyx Məhəmməd məscidi
Basqalda 16 əsrə aid tarixi Çinar ağacı..
Basqal həm də 300 ildən artıq yaşı olan çinar ağacı ilə məşhurdur. İlk baxışdan diqqəti cəlb edən bu ağacın gövdəsi olduqca heybətli görünür. Bu iri koğuşlu ağacın gövdəsində olan oyuğa 3-4 adam rahatlıqla yerləşə bilər. Bizə səyahətimiz əsasında məlumat verdilər ki, bu Çinar ağacını yerli əhali müqəddəs pir hesab edir. Bu ağac 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkilib. Bu barədə Çinar ağacına aid kitabədə məlumat verilib. Şeyx Məhəmməd məscidinin köməkçi tikilisi üzərində yerləşdirilmiş bu kitabənin tədqiqi onun məhz Çinar ağacına aid olduğunu təsdiqləyib. Çinar ağacının əkilməsi ilə bağlı qoyulmuş kitabə yerli bud daşından yonulub. Daşın uzunluğu 0.39sm, eni 0.27 sm-dir. Daşın kənarı sadə formada işlənib. İki sətirdən ibarət kitabə süls elementli nəsx xətti ilə həkk edilib:
Kitabənin tərcüməsi belədir: “970-ci il tarixində əl-Fəqir Şeyx Səfayi Şeyx Məhəmməd oğlu çinar ağacını əkdi”. Hicri qəməri 970-ci il tarixi miladi tarixin 1563-cü ilinə uyğun gəlir. Beləliklə, Şeyx Məhəmməd 1531-ci ildə Basqal məscidini tikdirib. Ondan 32 il sonra- 1563-cü ildə oğlu Şeyx Səfayi Basqalın məşhur çinar ağacını əkib.

Çinar ağacı..
Basqalın təbiəti və insanları...
Təbiəti sevən insan olduğum üçün bəzən gözümü qaraldıb ən hündür zirvəyə qədər gözəlliyi görmək üçün vaxtımı sərf edə bilərəm. Basqalın təbiəti də insanları kimi ruhumuzu oxşadı. Məsələ ondadır ki, böyük şəhərdə yaşayan insanlar bir çox hisslərin yoxsuluna çevrilirlər. Səhər oyanıb şəhərin izdihamına doğru yürüdükcə üzündə narazılıq olan minlərlə insanın bir parçasına çevrilirsən. Səhər üzünə gülümsəyən günəş belə nigaran olur. Hər səhər üz-üzə gəldiyin qonşunun simasında belə gecənin narahatlıqları, ötən günün problemi sanki daşa hoppuş kimi əks olunur. Amma kənd insanı həqiqətən bu ifadədən bir qədər uzaqdır. Onlar ürək dolusu “Sabahınız xeyir, xoş gəlmisiniz” dediyi anda sən olduğun o torpağa hopmaq, təbiəti ilə könlünü oxşayan təbiətin qucağından qopmaq istəmirsən. Basqalda da mən o isti ruhlu insanları görüb gülümsəyən günəşi belə bir başqa sevdim.
Yuxarıya təpələrə doğru qalxdıqca böyürtikan kolları üzümüzə dolu meyvələri ilə gülümsəyirdi. Ümumiyyətlə hər meyvəni ağacından dərib yemək bir başqa hisslər yaşadır. Balaca qızım atası ilə birlikdə kollara dırmaşıb qara gözü xatırladan ətirli böyürtikanları toplayıb yeməyə başladılar. Hətta bu görüntü 4 aylıq oğlumu da həyəcanlandırırdı. Təbiət o qədər səfalı idi ki, insan bu anları beyninə əbədi həkk etmək, o anları heç vaxt silinməməsini, hər gün xatırlanmasını arzu edirdi.
Qeyd edim ki, Basqalda aparılan arxeoloji tədqiqatlar bölgənin cənub şərqində Qalalar adlanan sahədə eramızın I-II əsrlərinə aid insan məskənlərinin olduğunu sübut edib. Qəsəbənin şimal qurtaracağında ucalan Niyal dağında XI-XII əsrlərin qalaları Şirvanşahların mühüm müdafiə məntəqəsi olub. Dövlət Turizm Agentliyinin sifarişi ilə 07-31 oktyabr 2019-cu il tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 121 ədəd maddi mədəniyyət nümunəsi aşkarlanıb.
Basqalla vida...
Burada olduğumuz bir neçə saat ərzində qəsəbənin maraqlı bir çox yerini görmək şansımız oldu. Sadəcə məni kədərləndirən səbəb gəzib görə bilmədiyim yer kəlağayıların hazırlandığı emalatxana idi. Müşahidələrim əsasında deyə bilərəm ki, tam təmir işləri aparılıb yekunlaşdıqdan sonra Basqal olduqca böyük turist kütləsinin səyahətedəcəyi ilk yerlərdən olacaqdır. Həm tarixi, həm təbiəti ilə insanı valeh edən bu keçmiş qoxan tarixi qəsəbədə səyahət daxilən mənəvi hisslərimizi qabardıb xoş duyğular yaşatdı. Əlbəttə, təbiəti seyr etmək, gördüklərini analiz etmək bacarığı hər kəsdə fərqli bir tərzdə şərh oluna bilər. Kimisinin adi daş gördüyünü mən tarixi bir anlam yükləyib, onu dəqiqələrlə tərif edə bilərəm. Amma mənim kimi təbiətlə tarixin vəhdətini görmək istəyənlər varsa, Basqala baş çəkə bilərlər.
Gülbəniz Hüseynli / Metbuat.az