Keçən ilin aprelində Moskva fitnes klubunda güllələnən qanuni oğru Alik Rıjının (Əli Heydərov) qətlində şübhəli bilinən şəxslər saxlanılıb.

Metbuat.az REN TV-yə istinadən xəbər verir ki, kriminal avtoritetin qətlini törətməkdə şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov Moskvada saxlanılıb.

Belə ki, Alik Rıji 12 aprel 2021-ci ildə Moskvada fitnes klubunda güllələnib. Qatil Alik Rıji qaçış zolağında qaçarkən ona atəş açıb. Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Bundan əvvəl Əli Heydərov üç sui-qəsd cəhdindən sağ çıxıb. Qanuni oğrunun ölümü 2020-ci ilin avqustunda daha bir nüfuzlu qanuni oğru - Lotu Quli kimi tanınan Nadir Səlifovun Türkiyədə otel otağında güllələnməsi ilə birbaşa bağlı olduğu ehtimal olunur. Onunla Rıjıy arasında münaqişə illər əvvəl başlayıb və Qulinin Rıjiyə sui-qəsd etmək üçün tutduğu iddia edilən iki qatilin həbsi hekayəsindən sonra daha da şiddətlənib.

Qeyd edək ki, Namiq Səlifov "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun qardaşıdır. Nadir Səlifovun qətlindən sonra onun dəstəsinə Namiq Səlifov rəhbərlik edir. O, kriminal aləmdə "Namik Bakinski" kimi tanınır.