Xalq artisti Ənvər Həsənov xəstəxanadan

Bir müddət əvvəl səhhətində problemlər yaranan Xalq artisti Ənvər Həsənov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, atasının müalicəsi ev şəraitində davam etdiriləcək: "Atamın səhhəti artıq yaxşılaşmağa doğru gedir, səhhətində xeyli irəliləyişlər var və saturasiyası çox yaxşıdır. Sabah karantin müddəti başa çatacaq. Bundan sonra lazım olan digər zəruri müayinələr davam etdiriləcək. Ehtiyac yarandığı təqdirdə təkrar müayinələr xəstəxanada həyata keçiriləcək".

Qeyd edək ki, bir neçə gün öncə səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.

72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR