Azərbaycanda piknikə gedən şəxslər

Xızıya piknikə gedib ağaclıq ərazini yandıran şəxslər saxlanılıblar.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, meşə ətrafında, meşələrdə, biçilmiş sahələrdə ehtiyatsız, nəzarətsiz yanğınlar ekoloji tarazlığı pozmaqla, dövlətə və təbiətə külli miqdarda zərər vurur: "Yay aylarında intensivləşən bu halların profilaktikası, bu əməlləri törədən şəxslərin müəyyən olunması istiqamətində müvafiq dövlət qurumları ilə qarşılıqlı iş aparılır.

Xızı rayonu Baxşılı kəndində quru otlaq və ağaclıq sahələrini yandırılması ilə bağlı rayon polis şöbəsinə daxil olan məlumat əsasında əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, itirahət zamanı, piknik edən bir qrup şəxs ocağı nəzarətsiz qoyaraq, odun söndüyünə tam əmin olmadan ərazini tərk ediblər və nəticədə yanğının miqyası genişlənib.

Davam etdirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini Taleh Hüseynov və Şəmkir rayon sakinləri İrafiq Mamedov və Bəyoğlan Hüseynov saxlanılıblar.

Qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Xızı RPŞ-də cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR