Mətbuat Şurası dörd ildən sonra yeni qurultaya hazırlaşır. Şuranın sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. Qarşıdan gələn qurultayda iştirak edən üzvlər təşkilati məsələlərə baxmaqla bərabər, yeni tərkibin formalaşdırılması, sədrin seçilməsi və digər məsələləri həll edəcəklər. Bundan başqa, Mətbuat Şurasının qurultayından kifayət qədər yeniliklərin gözlənildiyi ilə bağlı məlumatlar da var.

Ölkənin media həyatında, ümumilikdə ictimai mühitində müstəsna əhəmiyyət daşıyan qurultayın səmərəli təşkili və yeniliklər barədə Metbuat.az-ın suallarını cavablandıran Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, qurultay çərçivəsində Mətbuat Şurasının nizamnaməsi və bəzi digər sənədlərdə də dəyişiklik olması gözlənilir. Müsahibimiz deyir ki, dəyişikliyin səbəbi Mətbuat Şurasının fəaliyyətini müasir dövrün tələblərinə, çağırışlarına uyğunlaşdırmaqdır.

Mətbuat Şurasının 8-ci qurultayı:

Müşfiq Ələsgərli

“Bildiyiniz kimi, sonuncu qurultaydan sonra kifayət qədər vaxt keçib. Dörd il müddətində Azərbaycan mediasında kifayət qədər dəyişikliklər və inkişaf olub. İndi Mətbuat Şurasının sənədləri, nizamnaməsi və digər məsələlərdə bu yeniliklərə uyğunlaşdırılacaq. Qurultayın təşkilatı formasına müvafiq olaraq Mətbuat Şurasının saytında iki anket forması yerləşdiriləcəkdir. O anketlərin biri üzv təşkilatların qurultaya nümayəndə verməsi ilə bağlıdır. İkinci anket isə ondan ibarətdir ki, insanlar kimi Mətbuat Şurasının İdarə Heyətində görmək istəyirlərsə, onunla bağlı öz təkliflərini burada yerləşdirə bilərlər. Adları həmin siyahılarda çıxan şəxslər qurultayda müzakirə çıxarılacaq və həmin insanların arasından İdarə Heyətinin yeni üzvləri seçiləcəklər. Qurultayda iştirak səlahiyyəti olan şəxslərdən kim idarə heyətinə düşmək istəyirsə, namizədliyini verə bilər. Əgər istəsələr, hansısa KİV redaksiyaları da, öz namizədlərini irəli sürə bilərlər. Bu da mümkün haldır. Yəni, KİV redaksiyaları idarə heyətində kimi görmək istəyirlərsə onların adını verə bilərlər”.

Son vaxtlar Mətbuat Şurasının uzun illik fəaliyyəti müddətində öz funksiyalarının öhdəsindən layiqincə gəlmədiyi barədə fikirlər səsləndirilməkdədir. Bəs, qarşıdan gələn qurultayın keçirilməsi ilə Şura hansı yeniliklər istiqamətində fəaliyyətini stimullaşdıra bilər?

Bu sualımıza cavab olaraq Müşfiq Ələsgərli bildirdi ki, Şuranın yeniləşməsi, müasir standartlar səviyyəsində fəaliyyət göstərməsi seçimini jurnalistlər özləri qəbul etməlidirlər.

“Dünyada hər bir ölkədə medianı tənzimləməsinin iki modeli var. Birinci model inzibati amirlik yolu ilə tənzimlənmə sayılır. Yəni, digər sahələrdə olduğu kimi medianın da üzərində nazirlik yaxud inzibati idarə olur. Bu zaman dövlət həmin nazirlik vasitəsilə media sahəsini idarə edir, tənzimləyir. Bu üsul-idarə daha çox avtoritar ölkələrə xas olan bir modeldir. Medianın fəaliyyətini tənzimlənməsinin ikinci modeli isə özünü tənzimləmədir. Bu Avropa və digər demokratik tipli ölkələrə məxsus olan modeldir. Bu cür ölkələrdə mediaya özünü tənzimləmə statusu verilir, onların hüquq qanunvericiliklə tanınır və media özü özünü tənzimləyir. Bu demokratik bir modeldir. Azərbaycan ümummilli lider Heydər Əliyevin zamanında ikinci variantı, yəni Azərbaycan demokratik, inkişaf etmiş ölkə və avropayönümlü bir dövlət olaraq medianın demokratik formada tənzimlənməsi modelini seçib. Buna uyğun olaraq da ikimin birinci ildə Azərbaycanda medianın dövlət tərəfindən idarəçiliyi sistemi, yəni Azərbaycanda mətbuat və informasiya nazirliyi ləğv olunaraq, onun əvəzində mediaya özünütənzimləmə hüququ, səlahiyyəti verildi. Bu mexanizmə uyğun olaraq Azərbaycanda iki qurum yaradılıb. Bunlardan biri Azərbaycan Mətbuat Şurası, ikincisi isə Milli Teleradio Şurasıdır. Bizim bu gün Azərbaycan Mətbuat Şurası dediyimiz qurum, əslində, Azərbaycanda medianın özünütənzimləmə mexanizmi, strukturu olaraq ortalığa çıxıb.

Bildiyiniz kimi, 2008-ci ildən etibarən Azərbaycanda Prezidenti cənab İlham Əliyevin iradəsi ilə geniş bir islahatlar dalğası keçirilməyə başlanıldı. Bu islahatlar Azərbaycan mediasını da əhatə edir. Media dinamik bir sahədir. Burada çox intensiv şəkildə yeniləmələr baş verir. Əgər media subyektləri və medianın fəlsəfəsi yenilənirsə, buna uyğun olaraq medianın özünütənzimləmə mexanizmləri də yenilənməli, inkişaf etmədir. Biz Mətbuat Şurası haqqında müəyyən qınaqların, iradlar olmasını təbii qarşılayırıq. Çünki dediyimiz kimi zaman dəyişir, modellər yenilənir o cümlədən media özünü tənzimləmə mexanizmlərində də ciddi şəkildə yeniləşmələr olmalıdır. Bunun zamanı çoxdan gəlib çatıbdır. Sadəcə olaraq bu yeniləşmələrə qərarı Azərbaycan jurnalistləri özləri verməlidirlər. Təəssüf ki, keçən dövrdə mövcud olan problemlər o cümlədən pandemiya, daha sonra müharibə dövrü jurnalistlərin toplanmasını bir qədər imkansız etdi. Amma indi bu imkan yaranıb artıq biz Mətbuat Şurasının qurultayına hazırlaşırıq. Düşünürəm ki, qarşıdan gələn qurultay çərçivəsində bu məsələlər öz həllini tapacaqdır”.

Bu il keçiriləcək qurultay əsnasında Şuraynın İdarə Heyətinə seçiləcək namizədlər sırasında gənc kadrların da olması diqqət çəkir. Müşfiq Ələsgərli hesab edir ki, gənclərin MŞ tərkibində olması yaxşı haldır.

“Biz bu il Şurada keçiriləcək seçim zamanı gender balansının təmin olunmasını gözləyirik. Çünki, mediada kifayət qədər qadınların kəmiyyəti çox olsa da, onların strukturlarda iştirakı ilə bağlı çatışmazlıqlar var. Arzu ediləndir ki, bu dəfə xanım jurnalistlərimizin təmsilçiliyi də çox olsun. Eyni zamanda gənclərin də İdarə Heyətində olmasını çox istəyirik. Amma bunlar hamısı qurultay iştirakçılarının rəyindən asılı olacaqdır. Onlar kimə səs versə, həmin şəxslər də Mətbuat Şurasının İdarə Heyətinə düşəcəklər”.

Mövzuya münasibət bildirən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Editor.az xəbər portalının baş redaktoru Fərid Şahbazlı Metbuat.az-a müsahibəsində bildirdi ki, Azərbaycan jurnalistlərini bir araya gətirən, onların fəaliyyətini koordinasiya etmək funksiyası daşıyan, peşə etik kodeksi qaydalarını hazırlayan jurnalistlərin özünütənzimləmə qurumu olan Mətbuat Şurasının qurultayı media camiyəsində ciddi maraq oyadır. Müsahibimiz deyir ki, Şuranın idarəetməsində bir neçə dəyərli ziyalılarımız istisna olmaqla digər ənənəvi şəxsləri mütəmadi olaraq görürük. Bu baxımdan da Azərbaycan Mətbuat Şurasının idarəetməsində gənc media mütəxəssisləri, media kapitanları, gənc jurnalistlər də təmsil olunmalıdır.

Mətbuat Şurasının 8-ci qurultayı:

Fərid Şahbazlı

“Mən hesab edirəm ki, gənc jurnalistlərin Şuraya seçimi Mətbuat Şurasının inkişafı üçün zəruridir, vacibdir. Mətbuat Şurası qloballaşan dünyada, sürətlə inkişaf edən media camiyəsində özünə bir mövqe qazanmaq, Azərbaycan jurnalistlərinin birləşdiyi bir qurum olmaq, Azərbaycan jurnalistlərinin tribunası olmaq istəyirsə, ondan maksimum çeviklik, operativlik və innovativlik tələb olunur. Bunları da gənclər olmadan nail olmaq mən hesab edirəm ki, mümkün deyil. Biz Mətbuat Şurasında orta yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisini birləşdirməliyik. Mən hesab edirəm ki, buna nail olsaq, yaxşı nəticələr əldə edə bilərik. Eyni zamanda, Azərbaycanda gənc olmasına baxmayaraq kifayət qədər təcrübəli yalnız ölkə daxilində hansısa bir media strukturuna rəhbərlik etməklə kifayətlənməyib, beynəlxalq əlaqələr qura bilən, xarici kütləvi informasiya vasitələrində yazıları, məqalələri dərc olunan, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq imkanları olan gənclər var. Mən hesab edirəm ki, Mətbuat Şurası bu imkanlardan istifadə etməlidir. Biz gənc dedikdə heç də adı gənc olub, yanaşması əsrlər öncəyə aid olan istedadsız, bacarıqsız insanları nəzər tutmuruq. Gənc olmaq burada kriteriyalardan biridir, amma həlledici kriteriya deyil. Biz Şurada gənc və istedadlı insanları görmək istəyirik. Ümid edirik ki, onlar Azərbaycan media camiyəsinin gənc istedadlı siması olmağı bacaracaqlar. Hesab edirəm ki, Mətbuat Şurası jurnalistlərin yanında olmağı bacarmaqla bərabər, beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirməlidir. Əgər MŞ dövlət qurumları arasında nüfuzunun yüksəlməsini, sözünün eşidilməsini istəyirsə, ətrafına məhz bacarıqlı, istedadlı, öz fikri, yanaşması olan insanları toplamalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Mətbuat Şurasının 8-ci qurultayı: