"Dövlətin vəzifəsi özəl sektorda qiymət tənzimləməsi deyil və bu məsələ müzakirə mövzusu belə deyil. Bunun praktikada tətbiqi özəl sektorun tədricən çökməsi, investorların qaçması deməkdir. Dövlətin özəl sektorla bağlı vəzifəsi rəqabətin formalaşdığı biznes mühitinin inkişafını təmin edib, dəstəkləmə, təşviq və tənzimləmə (öncəki suallarınızda tənzimləmə və müdaxilənin fərqini açıqlamışdım) funksiyalarını həyata keçirməkdir".
Bu fikirləri Metbuat.az-a tanınmış iqtisadçı-ekspert Elman Sadıqov deyib. Onunla Azərbaycanda inflyasiyanın xarakterik cəhətləri, növü, gömrük siyasətinin iqtisadiyyatda və inflyasiyada rolu, bəzi yerli sahibkarların qiymət siyasətlərində səhvləri, yanlış yanaşma tərzləri, monetar siyasətin qiymətlərə təsiri kimi suallara cavab olan müsahibəmizin ikinci hissəsini təqdim edirik:

Elman Sadıqov
- Elman müəllim, qlobal iqtisadiyyat və özəl sektorla bağlı məsələlələrə qısaca toxunduq. Azərbaycanda inflyasiya, özəl və dövlət sektorlarının münasibətləri, dövlətin inflyasiyaya qarşı mübarizədə atdığı addımlara bir az da geniş toxunaq. Azərbaycanda hazırda baş verən inflyasiya hansı tip inflyasiya adlanır? İnflasiyaya səbəb olan obyektiv və subyektiv amillər hansıdır, aradan qaldırılma yolları, mexanizmi necə olmalıdır?
İnflyasiyanın əsas 3 növü var: tələb səbəbli, təklif səbəbli və yığılan inflyasiya. Tələb səbəbli inflyasiyanı yaradan amillər: pul kütləsinin artması, maaşların artması, tələbin artması, devalvasiya və sair. Təklif səbəbli inflyasiyanı yaradan amillər: hər hansı bir məhsulun qıtlığı, istehsalının azalması, məhsulun maya dəyərinin artması, idxal olunan məhsulların qiymətlərinin artması və sair. Yığılan inflyasiya ingilis dilində "built-in inflation" adlanır. Yəni, qurulan, yığılan, tədricən bir-birini formalaşdıran inflyasiya. Bu inflyasiyanı yaradan amillər: A sahəsində artan qiymətlər B sahəsində qiymətlərin artmasına səbəb olur. B sahəsində artan qiymətlər də C sahəsində qiymətləri tətikləyir. Nəticədə bütün iqtisadiyyatda davamlı olaraq artan və bir-birini tətikləyən qiymət artımları baş verir, inflyasiya güclənir. Azərbaycanda əvvəlcə təklif səbəbli inflyasiya baş verdi. Qısaca desək, pandemiya nəticəsində dünyada tədarük zənciri qırıldı, əmtəələrin, o cümlədən ərzağın qiymətləri artdı (bir haşiyə çıxmaq istərdim ki, burada digər önəmli nüanslar da var, lakin mövzumuz bu deyil) nəticədə idxal etdiyimiz xammal, yarımfabrikat və hazır ərzaq qiymətlərində artım baş verdi, təklif səbəbli inflyasiya ilə üzləşdik. Qarşısı alınması ən çətin olan inflyasiya budur. Tələb səbəbli inflyasiyadan fərqli olaraq bu inflyasiyanın qarşısını almaqda monetar siyasətin rolu minimumdur. Burada nəzəri olaraq atıla bilən addım yerli valyutanın gücləndirilməsidir ki, idxal olunan məhsulun qiymətinin artmasının süni olaraq qarşısı alınsın. Lakin, bu qısa müddətdə effektiv, uzun müddətdə dağıdıcı təsiri olan addım olar. Nəzəri olaraq mümkündür, praktik olaraq buna getmək mümkün olmaz. Bədəli sonra ikiqat artıq ödənər. Təklif inflyasiyasından sonra isə ölkəmiz qeyd etdiyim yığılan (built-in) inflyasiya ilə üzləşdi. Yəni, bir sahədə olan qiymət artımları digər sahələrə təzyiq göstərdi və nəticədə bütün istiqamətlərdə artmağa başladı. Məhz bu mərhələdə dövlət çox ağıllı addım ataraq inflyasiya tətikləyən qiymətlərin, tariflərin artımına getmədi. Yəni, kommunal, nəqliyyat, benzin (Aİ 95 markalı benzin inflyasiya tətikləyici gücə malik deyil. İnflyasiya tətikləyici ən böyük gücə öncə dizel (kənd təsərrüfatı sahəsi və logistikaya görə), sonra isə Aİ 92 markali benzin malikdir) qiymətləri artmadı. Bu isə daha da güclənə biləcək inflyasiya zəncirini qırdı. Keçən il metroda gediş haqlarının artması gündəmə gələndə bu mövzuda olan açıqlamalarımda vurğulamışdım ki, məhz indiki məqamda dövlət inflyasiya tətikləyici heç bir addım atmaz, xüsusilə metroda gediş haqlarının artımının olacağını düşünmürəm. Belə də oldu. Çünki, dövlət pandemiya və qlobal iqtisadiyyatda formalaşan qeyri-müəyyənlik fonunda, xüsusilə sosial məsələlər, o cümlədən inflyasiya ilə bağlı doğru olaraq maksimum ehtiyatlı davranırdı. Dövlətin atdığı ən önəmli digər müsbət addımlardan biri taksi xidmətinin liberallaşmasına imkan yaratması oldu. Pandemiyada işləməyən nəqliyyat + bir çox sahələrdə qapanmalar nəticəsində işləməyən əhalinin nəqliyyat məsələlərini ucuz taksi xidmətləri + taksi fəaliyyəti ilə məşğul olan şəxslərin məşğulluğunun bu və ya digər formada təmini kompensasiya etdi. Məhz bu sahə sosial gərginliyin formalaşmamasında böyük rol oynadı. Pandemiya + neft qiymətlərinin minimum səviyyələrə enməsi kimi mənfi və dağıdıcı amilləri isə dövlətin pandemiyaya qədər atdığı ən önəmli digər addımları, kölgə iqtisadiyyatına qarşı mübarizə, bir sıra sahələrdə monopoliyanın aradan qaldırılması kimi müsbət amillər kompensasiya etdi. Son 5-6 ildə (turizm sahəsində atılan addımlar və digərlərini sadalamadım) atılan addımlar əslində bir çox ciddi risklərin meydana çıxmasına və dağıdıcı forma almamasında müstəsna rol oynadı. Amma təəssüf ki, bu addımların atıldığı bir dövr ərzində özəl sektor məhz bu imtahanlardan çox zəif qiymət aldı.
- Bu fikri davam etdirmənizi xahiş edirəm. Hamını bu sual maraqlandırır ki, qiymətlər niyə çox artdı? Dövlət niyə qiymətlərin artmasının qarşısını almadı?
Heç bir iqtisadçı son 2 ildə baş verən inflyasiyada dövləti birbaşa günahlandırmaz. Dövləti o zaman günahladıra bilərdik ki, dövlət inflyasiya tətikləyici kəskin qiymət artımları etsin, kommunal tarifləri, benzinin qiymətini, yəni dövlətin tənzimlədiyi və ya dövlət sektorunun xidmət haqlarını artırsın. Burada sonuncu dəfə 15-20 il öncə təyin olunmuş və ildə, 5 ildə istifadə olunan birdəfəlik rüsumların artımını da qeyd etmək doğru olmaz. Çünki, bunlar da inflyasiya tətikləyici artımlar deyil. Dövlətin burada nisbətən yumşaq davrandığı bir məsələ, özəl sektorun bəzi sahələrindəki qiymət artımlarına tolerant münasibəti (burada da dövlət müxtəlif vasitələrlə mövqeyini vaxtaşırı olaraq ortaya qoyurdu) müzakirə və mübahisə mövzusu ola bilər. Amma dövlətin də öz güclü arqumentləri var ki, həmin dövrdə ayrı-ayrı şirkətlərin işlərinə müdaxilə riskli idi. Məşğulluğun azalması, işsizliyin artması riski artardı. Pandemiya nə vaxt bitəcək məlum deyildi və indi də deyil. Şirkətlərin biznesləri də risklərlə qarşılaşardı və sair. Yenə də qayıdıram taksi xidmətinə. Taksiyə tələb artdı, bir müddət demək olar ki, yeganə nəqliyyat vasitəsinə (xüsusilə ictimai nəqliyyatın işləmədiyi həftə sonları) çevrildi. Lakin, digər sahələrdəki qiymət artımlarına da baxmayaraq məhz həmin sahədə qiyməti bazar tənzimlədiyi və rəqabət yüksək olduğu üçün qiymət artımları olmadı. Bu öyrənilməli, nəzərə alınmalı və çox önəmli nüansdır. Qısaca desək, bir sıra digər sahələrdə təklif səbəbli inflyasiyadan sonra 3-cü növ inflyasiyanın, yığılan (built-in) inflyasiyanın formalaşmasında (burada bir haşiyə çıxım ki, idxal səbəbli qaçılmaz qiymət artımları istisnadır) özəl sektor daha çox rol oynadı, dövlət isə artan zərərlərə və təzyiqlərə baxmayaraq subsidiyalaşdırdığı metro da daxil olmaqla bir çox sahələrdə qiymət artımlarına getmədi.
Elman müəllim, çox önəmli nüanslardır. Belə bir sual meydana çıxır. Ola bilərmi ki, dövlət qiymət siyasətini özü həyata keçirib bəzi vacib məhsulların dəyərinə vahid qiymət tarifi müəyyən etsin? Bunun praktikada tətbiqi nə vəd edə bilər?
Özəl sektoru nəzərdə tutursunuzsa birmənalı şəkildə olmaz. Onda bazar iqtisadiyyatı modelindən imtina etmiş oluruq. Dövlətin vəzifəsi özəl sektorda qiymət tənzimləməsi deyil və bu məsələ müzakirə mövzusu belə deyil. Bunun praktikada tətbiqi özəl sektorun tədricən çökməsi, investorların qaçması deməkdir. Dövlətin özəl sektorla bağlı vəzifəsi rəqabətin formalaşdığı biznes mühitinin inkişafını təmin edib, dəstəkləmə, təşviq və tənzimləmə (öncəki suallarınızda tənzimləmə və müdaxilənin fərqini açıqlamışdım) funksiyalarını həyata keçirməkdir. Öncəki suallarınıza cavabımda bu incə məsələyə toxunmuşduq. Kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) qiymətləri bazar diktə edir, bazara da qiymətləri iri sahibkarlar (market maker) diktə edə bilir. Bu səbəbdən dövlət KOS-ların fəaliyyətlərini genişləndirməkdə maraqlı olur, onları tənzimləməyə də ehtiyac duymur, daha çox dəstəkləmə tədbirləri həyata keçirir. İri sahibkarlarla, korporasiya və holdinqlərlə bağlı siyasət isə əvvəlki suallarda cavablandırdığımız kimi fərqli olur. Bu iki məsələni fərqləndirmək lazımdır. Ümumiyyətlə, dövlət özəl sektorda hər hansı mənfi meyl gördükdə o meyllərin aradan qaldırılması üçün tədbirlər görər. Təşviq paketləri, rəqabətin gücləndirilməsi, ucuz kreditlər, həmin şirkətlərə dövlət sifarişləri, istehlakın təşviqi və sair. Dövlətin siyasətini zərbə altına qoyan hərəkətlərə də dolayı tədbirlərlə cavab verər.
- Məsələn, hansı hərəkətlər ola bilər?
Məsələn 2015-ci ildə ilk devalvasiya zamanı bir sıra supermarketlərdə ilk saatlardaca satışların dayandırılıb rəflərin boşaldılması. Bu addım əsl sahibkara yaraşmayan böyük bir səhv idi. Həmin saatda, həmin gündə yaranmış sosial, psixoloji gərginliyin üzərinə benzin tökməyə bərabər idi. Qıtlıq yoxdur, sərhədlər bağlanmayıb, sadəcə devalvasiya var. Həmin müddətdə əsl sahibkar satışını köhnə qiymətlərlə davam etdirir, yalnız devalvasiyadan sonra yeni aldığı məhsulların isə üzərinə marjasını qoyub yeni qiymətlərlə satış edə bilərdi. Dövlət bu məsələni ciddi düşündü və bu riskin sonralar yaranmaması üçün supermarketlərin çeşid və saylarının, yəni bu sahədə rəqabətin daha da artmasına şərait yaratdı. Türkiyədə devalvasiyalar zamanı belə hadisələrin şahidi olmadıq (əhalinin panikaya düşüb rəfləri boşaldılması başqa, satışın dayandırılıb məhsulların satışlarının dayandırılması başqa məsələdir). Məslən, Ukraynada qarğıdalı yağı ilə bağlı yaranan qıtlıq zamanı məhsul gizlətmə halları fraqmental olaraq olduqda isə Türkiyə dövləti ciddi müdaxilələr etdi.
- Yerli sahibkarlarımız nə üçün qiymət siyasətindən sui-stifadə edib, müştərini təkrar qazanmaqdansa itirmək düşüncəsi ilə hərəkət edirlər? Azərbaycanda düzgün sahibkar düşüncəsinin formalaşmasına nə mane olur?
Həm devalvasiyalardan, həm pandemiyadan sonrakı dövrlərdə, həm elə bu yay xüsusilə rayonlarda turizm sektorunda baş verənlər özəl sektorda bir çox çatışmazlıqların olduğunu göstərdi. Sahibkarlarımızla risklərin idarə edilməsi təlimlərimdə sahibkar yanaşması, psixologiyası və düşüncəsi kimi mövzular müzakirə mövzusu olurdu və bu istiqamətlərdə düzgün düşünən, öz üzərlərində çalışan, özünətənqid hissi olan bir çox sahibkarların olması sevindirir. Hər birimiz 1 sahədə xidmət göstəririk, 99 sahədə xidmət alırıq. Burada isə 2 cür yanaşma olur: 1) Hər kəs düşünür ki, mən mükəmməl xidmət göstərməyə çalışacam. Hər birimiz mükəmməl xidmət göstərdikcə, aldığımız 99 xidmət növündə də mükəmməllik olacaq. 2) Hər kəs düşünür ki, hamı onsuz da pis xidmət göstərir. Mən niyə mükəmməl xidmət göstərim. Bu halda aldığımız həmin digər 99 xidmətin də səviyyəsi aşağı olacaq. Sahibkarlarımız da qiymət və xidmət siyasətlərində məhz 1-ci yanaşmanı tətbiq etsələr, xidmətin keyfiyyəti yüksələr, qiymətlər aşağı olar. Başqa bir konkret məsələ. Dövlət 2016-cı ildən etibarən turizmin inkişafı üçün konkret addımlar atdı. ASAN Viza, turistlərin cəlbi üçün geniş təbliğat və sair. Ölkəyə çoxlu turist gəldi. Həmin turistlərin narazı qalmalarında, ölkənin imicinə mənfi təsir göstərən bir çox neqativ məsələlərin ortaya çıxmasında bu sahədə olan sahibkarların günahı danılmazdır. Biz cəmiyyət olaraq turizmin hər birimizə, iqtisadiyyata faydalarını tam olaraq təhlil və düzgün faydalana bilmirik. Məsələn, bir çox xarici ölkələrdə olmuşam. Amma xaricilər üçün başqa, yerli vətəndaşlar üçün başqa bir menyu görməmişəm. Dövlət sektorunda, muzey, nəqliyyat və digər sahələrdə ikili qiymət var. Bunun öz səbəbləri var. Turisti aldatmaq çox yerdə var. Amma özəl sektorda, xüsusilə kafe, restoranlarda yerli vətəndaş və turistlər üçün hər addımbaşı fərqli menyular və bu cür qiymət siyasəti yoxdur. Özəl sektor bir çox hallarda məsələyə orta və uzunmüddətli deyil, qısamüddətli və bir mövsümlük yanaşma ortaya qoyur. Bunun da öz səbəbləri var. Məsələ, kapitalda, imkanda, biznesin böyüklüyü, kiçikliyində deyil. Məsələ, düzgün yanaşma tərzindədir. Bu amillər imicə, iqtisadiyyatın inkişafına, böyüməsinə, xidmət keyfiyyətinə birbaşa təsir edir. İnflyasiyaya da həmçinin.
Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Məqsədim bütün günahların özəl sektorda olduğunu qeyd etmək, günahlandırmaq deyil. Bundan sonrakı dövrdə hər bir sahədə zamanla yarış başlayır. Xüsusilə hər bir turist üçün hər bir ölkə sərt rəqabət aparacaq. Bu rəqabətdə olmaq üçün qeyd etdiklərim amillərə diqqət yetirmək, yanaşma tərzini dəyişmək və təkmilləşdirmək vacibdir.

- İstehlak bazarında idxal mallarının qiymətlərinin kəskin artmasının səbəbi kimi gömrük siyasətində olan müəyyən proseslər göstərilir. Elman müəllim son illər gömrük dəyərinin müəyyənləşdirilməsi hüququnun gömrük komitəsinə verilməsi də ciddi narazılıq yaradıb. Bu daxili bazara necə təsir edir?
Gömrük siyasəti ilə bağlı fikirlərimi dəfələrlə bildirmişəm. Bir daha qısaca qeyd edim ki, gömrük siyasətinə yeni konseptual baxışın olacağını düşünürəm. Gömrüyün büdcə daxilolmalarında rolu müsbətdir, danılmazdır. Amma bu qısamüddətli müsbət təsirdir. Mən indiki zamanda gömrüyü fiskal siyasətin tərkib hissəsi kimi görmək istəməzdim. Gömrüyün proteksionist siyasətdə, investisiyaların təşviqi, iqtisadiyyatın genişlənməsi, hətta ölkədə ekologiyanın qorunmasında rolunun daha yüksək olacağına və bu rolların daha uzunmüddətli xarakter daşıyacağına inanıram. Ayrı-ayrı tariflərin, rüsumların müzakirəsi lüzumsuz vaxt itkisidir və yanaşma tərzinin dəyişməsi məncə daha zəruridir. Düzgün gömrük siyasətinin İngiltərə, Almaniya, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin iqtisadiyyatlarının inkişaflarının xüsusilə ilkin mərhələlərində rolu çox yüksək olub. Öncəki açıqlamalarımda bu məsələlərə toxunduğum üçün burada təkrara yol vermək istəməzdim.

- Bilirik ki, Azərbaycan Respublikasında pul siyasəti Mərkəzi Bank tərəfindən həyata keçirilir. Monetar siyasət qısamüddətli dönəmdə yoxsa uzunmüddətli dönəmdə iqtisadiyyata təsir edə bilər? Ümumiyyətlə Mərkəzi Bankın uçot dərəcəsini artırması bazara necə təsir göstərir?
01 sentyabrdan etibarən Mərkəzi Bank yeni pul-kredit siyasətinə keçid elan etdi. Mən bu siyasəti monetar və pul-kredit siyasətində çevik alətlərin tətbiqi də adlandırardım. 02 sentyabrda bu barədə geniş açıqlamam oldu. Gözlənilən addımlar idi və bu addımların davamının da olacağını düşünürəm. Bu tədbirlər həm də gələcəkdə qəbul ediləcək sosial islahat paketləri və ya maaş, təqaüd artımları zamanı inflyasiya risklərinin yumşaldılması üçün atılacaq addımların çeşid və səmərəliliyini artıracaq. Burada qeyd etdiyim əsas nüans bundan ibarətdir ki, Mərkəzi Bankın özü bu təqdirəlayiq addımlarını daha çox sterilizasiya tədbirlərini qabartmaqla arxa plana atmış oldu. Əslində isə, məhz burada qeyd etdiyim səbəblərdən (tələb deyil, təklif səbəbli inflyasiya, inflyasiyanı tətikləyən bəzi amillərin subyektiv olmaları) daraldıcı monetar siyasət inflyasiyanı boğmaqdan daha çox, iqtisadiyyatın özünün boğulmasına səbəb ola bilər. Digər tərəfdən pul kütləsinin (xüsusilə M0 və M1) təhlili, iqtisadiyyatın həcminə nisbətləri və digər əmsallar iqtisadiyyatın hazırki məqamda əlavə 2-3 milyard manat vəsaiti rahat həzm etmək imkanında olduğunu göstərir.
Monetar siyasət çox vacib və çətin bir siyasətdir. Zərgər dəqiqliyi tələb edən monetar siyasətdə bir səhv illərlə aparılan iqtisadi islahatları, müsbət tendensiyaları bir gündə, bir ayda, bir ildə alt-üst edə bilər. Burada çox diqqətli və ehtiyatlı addımların atılacağına inanıram.
- Elman müəllim, geniş müsahibəyə, bir çox maraqlı nüansa, fərqli yanaşmalara və maarifləndirici fikirlərinizə görə təşəkkür edirəm.
Maraqlı və aktual suallara görə mən də Sizə təşəkkür edirəm.
Gülbəniz Hüseynli / Metbuat.az