Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov vəfat edib.

Metbuat.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, o, 89 yaşında vəfat edib.

Qeyd edək ki, İldırım Əli-Nazir Kasimov1933-cü il dekabrın 7-də Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Bakı Hərbi məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov müxtəlif vəzifələrdə - Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışıb.

İ.Kasimov 2009-2012-ci illərdə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini vəzifəsində işləyib, 2013-2021-ci illərdə SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın Dövlət Ansamblının direktoru olub.

O, mədəniyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2006-cı ildə Əməkdar mədəniyyət işçisi fəxri adına, 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Allah rəhmət eləsin!

Əməkdar mədəniyyət işçisi İldırım Kasimov vəfat etdi