Deputatlar AZTV-ni sərt tənqid etdilər -

Milli Məclisin deputatı Əziz Ələkbərli və Etibar Əliyev AzTV-ni sərt tənqid edib.

Metbuat.az xəbər verir ki, o, Əziz Ələkbərli AZTV-də yayımlanan “Əsas məsələ” verilişini tənqid edib. O, feysbuk hesabında qeyd edib ki, bu veriliş "səviyyəsizdir":

"Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!"

Deputatın bu paylaşımına həmkarı da dəstək olub. Belə ki, deputat Etibar Əliyev Əziz Ələkbərlinin statusuna rəy yazaraq bildirib ki, təhsil və elm sahəsindəki verilişlər ictimai rəyi çaşdırır.

Azərbaycan Televiziyasından da deputatların ittihamlarına cavab gecikməyib. Məlumatda qeyd edilib ki, deputat çağırılan qonaqlardan hərbi-siyasi ekspert Telman Qasımovla əlaqəsi yoxdur. Bu səbəbdən də verilişi "səviyyəsiz" adlandırıb:

"AzTV-də yayımlanan veriliş əslində niyə qıcıq doğurdu? Ötən axşam (22 sentyabr) AzTV-də yayımlanan “Əsas məsələ” verilişində Milli Məclisin deputatı Anar İskəndərov, tarixçi alimlər Nəsiman Yaqublu, Şikar Qasımov və hərbi-siyasi ekspert Telman Qasımov çıxış edərək qədim Azərbaycan ərazisi Zəngəzurun toponimləri, tarixi yer adları ilə bağlı fakt və xəritələr əsasında maraqlı müzakirə ortaya qoyublar. Lakin, görünür, verilişdə deyilənlər və ən əsası, Zəngəzurun qədim tarixi Azərbaycan ərazisi olması ilə bağlı səsləndirilən faktlar kimlərinsə ürəyincə olmayıb. Əcəba niyə? Belə verilişləri “bayağı” adlandırıb əsassız tənqid etmək, AzTV-nin ünvanına təhqirlər yağdırmaq bir nəfərin, həm də hörmətli millət vəkilinin, konkret olaraq Əziz Ələkbərlinin, görəsən, niyə xoşuna gəlməyib? Araşdırdıq. Məlum oldu ki, Əziz müəllimin verilişə dəvət olunan qonaqlardan biri ilə (Telman Qasımovla) yumşaq desək, münasibəti yoxdur. Odur ki, həmin adamı ekspert kimi qəbul etməyən millət vəkili acığını AzTV-dən və verilişdən çıxmaq qərarına gəlib və “Əsas məsələ”də qaldırılan mövzunu (Zəngəzur), aparılan müzakirələri (Zəngəzurun tarixi Azərbaycan ərazisi olması reallığını) “səviyyəsiz” adlandırıb.

Əks halda:bir millət vəkili sözünü, tənqidini əsaslı və faktlar əsasında deyər, ümumi sözlərdən yararlanmazdı, millət vəkili sözünü bayağı formada yox, ən azı deputat adına və nüfuzuna uyğun etik normalar çərçivəsində deyərdi, məsləhət verərdi, belə müzakirələrə açıq olar və dəvət olunanda min bir bəhanə ilə verilişlərdən yayınmazdı.

Ən nəhayət, Əziz Ələkbərli, yaxşı olar ki, hər hansı məsələyə şəxsi prizmadan, hikkə ilə və ambisiya dolu yanaşmaqdansa, deputat mandatına uyğun işlər görün, vətəndaşların arzu və istəklərini, problemlərini araşdırıb, həllinə çalışın. Yox, əgər media eksperti və ya alim kimi söz deyirsinizsə, əsaslı fakt və arqumentlərə söykənərək, təhqirsiz, etik normalara uyğun fikir bildirin. AzTV komandası sağlam tənqidə hər zaman açıqdır", - deyə məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR